Xarici işlər nazirinin keçmiş müavini, hazırda Azərbaycanın Belçikada səfiri olan Vaqif Sadıqov dekabrın 22-də məhkəmədə dindirilib. 
"Unikal"
xəbər verir ki, o, Azərbaycanın Serbiya, Monteneqro, Rumıniya, Bosniya və Herseqovinadakı sabiq səfiri Eldar Həsənovun məhkəməsində ifadə verib.
V. Sadıqov nazir müavini olduğu dövrdə həm də xaricdə səfirlik binalarının alınması üçün Nazirlər Kabinetinin qərarıyla yaradılmış komissiyaya sədrlik edib. Almaq üçün təklif olunan binalara bu komissiya baxış keçirib, rəy verib.
Sadıqov ifadəsində təsdiqləyib ki, səfirlik üçün uyğun hesab olunan binalara baxır, qiymətlərlə maraqlanır, əmlak sahibləri ilə danışıqlar aparırdılar: "Altı-yeddi binaya baxıb birini seçirdik, Xarici İşlər Nazirliyinə təqdim edirdik. Nazirlik də həmin binanı Nazirlər Kabinetinə təqdim edirdi. Nazirlər Kabineti qərar verəndən sonra Maliyyə Nazirliyi pul ayırırdı".
Onun sözlərinə görə, Həsənovun səfir olduğu Serbiyada da bina eyni qaydada alınıb. Danışıqları ev sahibinin özüylə apardıqlarını deyən diplomat vurğulayıb ki, o zaman səfir olan Həsənov nə bina seçiminə, nə də qiymət məsələsinə qarışıb: "Eldar Həsənovun bizə nəyisə təqdim etməyə, təyinata ixtiyarı yox idi. O, göstəriş verə bilməzdi ki, biz kimisə işə götürək, yaxud da kimisə çıxaraq. Alınması nəzərdə tutulan binaların qiymətlərini Əmlak Məsələləri Dövlət Komitəsi araşdırırdı. Qiymətlər real olanda razılıq verilirdi. Bazar qiyməti ilə 50-100 min fərq ola bilərdi. Bina seçiləndən, pulu ödəniləndən sonra səfirliyə təqdim olunurdu".
Nazir müavini vəzifəsindən öncə Avstriyada səfir olmuş Sadıqov deyir ki, Vyanadakı səfirlik binası da eyni üsulla alınmışdı.
Məhkəmə prosesi dekabrın 27-də davam edəcək.