Kənd Təşərrüfatı Nazirliyinin Dünya Bankının maliyyə dəstəyi və İqtisadiyyat Nazirliyinin tərəfdaşlığı ilə keçirdiyi  “Aqrobiznesin İnkişafı Forumu” dekabrın 22-də panel müzakirələri ilə davam edib. Forumda dövlət nümayəndələri və sahibkarlar aqrobiznesin inkişafı imkanlarını, dövlətin müvafiq qurumlarının bu sahəyə dəstəyi mexanizmlərini müzakirə ediblər.

"Unikal" xəbər verir  ki, forumun ilk panelində aqrobiznes təmsilçiləri Azərbaycan Fermerlər Assosiasiyasının nümayəndələri aqrar sahədə sahibkarlığın inkişafı ilə bağlı mövcud vəziyyət və imkanlardan danışıblar. Kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən fermer və sahibkarlar aqrobiznes dəyər zənciri, aqrar sahənin inkişafı üçün vacib olan təchizat və istehsal məhsulları, bu sektorda müasir və innovativ avadanlıqların geniş tətbiqi, marketinq imkanları barədə ətraflı məlumat veriblər.

Aqrar sahənin inkişafında dövlətin roluna həsr olunmuş növbəti paneldə Aqrar Kredit və İnkişaf Agentliyi, Sahibkarlığın İnkişafı Fondu, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi, İpoteka və Kredit Zəmanət Fondunun nümayəndələri təqdimatla çıxış ediblər. Müvafiq qurumların təmsilçiləri sahibkarlığa mövcud dəstək mexanizmləri və təqdim edilən xidmətləri tədbir iştirakçılarının diqqətinə çatdırıb, sahibkarları maraqlandıran sualları cavablandırıblar.