İlqar Orucov: “Layihələrdə müharibədə iştirak edən qazilərə psixoloji dəstək və sair məsələlər də yer alıb”

Bütün dünyada QHT-lərin vətəndaş cəmiyyətinin inkişafında böyük rolu var. QHT-lər hüquqi dövlətin qurulması, qanunların hazırlanmasında yaxından iştirak edir. Azərbaycanda son illər QHT-lərin fəaliyyəti xeyli inkişaf edib. Elə son illərdə QHT-lərin dövlətdən dəstək alması bu inkişafa geniş şərait yaradıb. Bu günlərdə  ölkəmizdə fəaliyyət göstərən QHT-lər yeni ildə layihələr həyata keçirmək üçün yenidən qrant müsabiqəsinə qoşuldular. 452 layihəyə qrant ayrılması qərarı verilib.

Müsabiqənin nəticələrinə həsr olunmuş brifinqdə QHT-lərə Dövlət Dəstəyi Agentliyinin İcraçı direktoru Aygün Əliyeva bildirib  ki, bu il üçün kiçik qrant müsabiqəsinə 7 istiqamət üzrə 478 layihə təqdim olunub. Onlardan 26 layihə müsabiqə qaydalarına uyğun təqdim edilmədiyindən texniki seleksiyadan keçməyib. 452 layihə isə qəbul edilib.  Onun sözlərinə görə, Agentliyin Müşahidə Şurasının üzvləri tərəfindən müsabiqənin keçirilməsinin müvəqqəti qaydasına və meyarlara uyğun gələn layihələrə üstünlük verilib: "415 QHT layihəsinin maliyyələşdirilməsi haqqında qərar qəbul olunub.  Bu il kiçik qrant müsabiqəsi Agentliyin yeni yaradılan elektron portalı “e-qrant.az” saytı vasitəsi ilə həyata keçirilib. Qrant müsabiqəsi insan haqları, ictimai vəkillik, demokratiya və hüquq məsələləri, insan alverinə qarşı mübarizə sahəsində təşəbbüslərin dəstəklənməsi, elm, təhsil, mədəniyyət və azərbaycançılığın təbliği, ailə, qadın, uşaq və gender məsələləri, ətraf mühitin və sağlamlığın qorunması, narkomaniya ilə mübarizə, açıq hökumətin və ictimai nəzarətin təşviqi, korrupsiyaya qarşı mübarizə, sosial (o cümlədən şəhid ailələri, müharibə veteranları, əlilliyi olan və digər həssas qruplara aid olan şəxslərin sosial problemlərinin, müharibə təsirlərinə məruz qalan bölgələrlə bağlı problemlərin həlli) və iqtisadi məsələlər, Azərbaycanın milli maraqlarının xarici ölkələrdə və beynəlxalq təşkilatlarda müdafiəsi mövzularını əhatə edib".

Qalib gələn QHT-lərlə Agentlik arasında dekabrın 18-dək müqavilə imzalanacaq. Layihələr gələn il fevralın 1-dən icra olunmağa başlayacaq və icra müddəti 3-6 ay olacaq.

Bəs görəsən həyata keçiriləcək layihələr səmərəli olacaqmı?

Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının üzvü İlqar Orucov bildirir ki, layihələrin səmərəli olacağına inanır: “Müsabiqəyə müraciət edib müsbət cavab alan QHT-lərin layihələrinin bir hissəsi təhsillə bağlıdır. Bu il biz Qarabağda zəfər qazandığımızdan, layihələrin əksər hissəsi məhz işğaldan azad olunmuş ərazilər, Qarabağ həqiqətlərinin müharibədən sonra dünyaya çatdırılması ilə bağlıdır. Həmçinin layihələrdə müharibədə iştirak edən qazilərə psixoloji dəstək və sair məsələlər də yer alıb. Bu baxımdan mən layihələrin səmərəli olacağına inanıram”.

İ. Orucov həmçinin qeyd edib ki, müharibədən sonra Qarabağ həqiqətlərinin dünyaya çatdırılmasına daha böyük ehtiyac var. Bu işdə isə QHT-lərin fəaliyyətinə böyük ehtiyac var.

Şura üzvü bildirir ki, QHT-lərin hamısının fəaliyyətini qənaətbəxş hesab etmək mümkün deyil. Onun sözlərinə görə,  Azərbaycanda 4 mindən çox QHT fəaliyyət göstərir və biz onların fəaliyyətinə baxanda əlbəttə ki, hamısını eyni imkanlara və  bacarıqlara malik səviyyədə görmürük. Yaxşı təşkilatlanmış QHT-lər də var, amma təəssüf edirəm ki, yalnız qrant xətrinə işləyən və milli maraqlarla bağlı məsələlərdə biganəlik göstərən təşkilatların fəaliyyəti də çoxdur. Belə təşkilatlar konkret olaraq xarici donorlardan asılı vəziyyətdədirlər və Azərbaycanla bağlı bir çox hallarda yanlış informasiyaları ötürürlər və bu çox zərərlidir. Əlbəttə ki, Azərbaycanın milli maraqlarını qoruyan, dövlətə xidmət edən, dövlətçiliyin keşiyində duran QHT-lərin də sayı kifayət qədərdir. Ümid edirəm ki, vətəndaş cəmiyyəti fəaliyyətində yalnız bir məqama diqqət yetirməli və üstünlük verməlidir - hər şey dövlətimiz naminə olmalıdır, yəni nəticədə onların fəaliyyətindən dövlət qazanmalıdır.

Vətəndaş cəmiyyətinin maliyyələşməsinin tənzimlənməsi ilə bağlı qeyd etmək istəyirəm ki, dövlət tərəfindən, cənab Prezident tərəfindən göstərilən diqqət və qayğının nəticəsində QHT-lərə Dövlət Dəstəyi Şurası uzun müddət fəaliyyət göstərdi və artıq bu qurumun təkmilləşdirilməsi, bütövlükdə vətəndaş cəmiyyətinin inkişafında yeni mərhələnin başlaması ilə bağlı bu ilin aprel ayının 19-da cənab Prezidentin fərmanı ilə QHT-lərə Dövlət Dəstəyi Şurası ləğv edildi və onun bazasında Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi formalaşdırıldı. Bu artıq tamamilə yeni bir mərhələ, eyni zamanda QHT-lərə dövlət dəstəyinin artırılması istiqamətində yeni bir institutdur. Publik hüquqi şəxs olaraq Agentlik artıq fəaliyyətə başlayıb. Onu da xatırladım ki, dövlət başçısı qısa müddətdən sonra Agentliyin Müşahidə Şurasının on bir nəfərdən ibarət üzvünün təyin olunması ilə bağlı sərəncam imzaladı. Hesab edirəm ki, yeni heyət kifayət qədər peşəkar insanlardan ibarətdir və bu da ümid verir ki, Agentlik effektli və yaxşı səviyyədə işlər ortaya qoya biləcək ”.

Gülayə Mecid

İstiqamət: Vətəndaş cəmiyyəti, hüquqi dövlət quruculuğu

Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi əsasında hazırlanıb.