Ziyalılar Rüstəm İbrahimbəyovdan imtina etdi
“El” hərəkatının Rusiya projesi olduğu aşkarlandı

Rüstəm İbrahimbəyov artıq meydanda təklənir. Dünənə qədər Ziyalılar Forumunu kifayət qədər siyasiləşdirməyə çalışan və buna nail olan Rüstəm İbrahimbəyov Rasim Balayev olayından sonra demək olar ki, gülünc hala düşdü. Belə ki, aydın oldu ki, Rüstəm İbrahimbəyov heç də xalq, millət, dövlət istəyi ilə ayağa qalxmayıb. Onu yalnız şəxsi məsələləri maraqlandırır və ətrafına topladığı ziyalılarda ona istifadə olunana qədər lazımdır. Çünki Rüstəm İbrahimbəyov ölkədaxilində ziyalıları ətrafına toplayıb hərəkat yaradır, Rusiyada Kremlin sifarişlərini icra edən və Azərbaycan dövlətçiliyi üçün artıq təhlükə yaradan şəxslərlə birgə layihələrdə iştirak edir və özünə zərrə qədər təhlükə hiss edəndə isə ölkədən qeyri-müəyyən müddətə qədər yoxa çıxır. Bunu görən ziyalılar isə sözsüz ki, onun siyasi oyununun oyunçusu olmağa razı ola bilməzdilər. İlk etiraz,Rüstəm İbrahimbəyovun yaratdığı El təşkilatından imtina edən Rafiq Əliyev oldu.

“Ziyalılar Forumunun “El” hərəkatı ilə əlaqəsi yoxdur". Bu açıqlama ilə Ziyalılar Forumunun təsisçilər Şurasının üzvü, professor Rafiq Əliyev çıxış edib. Ziyalılar Forumu ilə qurulmaqda olan hərəkatı eyniləşdirənlərə R.Əliyevin mesajı belə olub: “Şəxsən mən Rafiq Əliyevlə ”El" hərəkatının heç bir əlaqəsi yoxdur. Bir qrup insanlar hərəkat yaratmaq istəyirlər, bu insanların kimlikləri də mətbuatda açıqlanıb. Mənim bu insanlara bu mənada heç bir aidiyyatım yoxdur, bu hərəkatda da iştirak etmirəm. Ancaq Ziyalılar Forumu təqdir edib ki, belə bir hərəkat yaranarsa, yaxşı olar."

R. Əliyev “El” hərəkatının Ziyalılar Forumunun layihəsi olmadığını deyib: “Biz ilk gündən demişik ki, Ziyalılar Forumu siyasi təşkilat deyil. Ümumiyyətlə, təşkilat da deyil, klub kimi bir şeydir. Yığışırlar sənət adamları, ziyalılar, ədiblər sözlərini deyirlər. Birinci gündən də, indi də deyirik ki, siyasətlə məşğul olmuruq və heç bir siyasi iddiamız da yoxdur. Amma hərəkat və ya partiya yaranarkən onların siyasi iddiası olur. Bu baxımdan mən və mənim dostlarım bu hərəkatda yoxuq”.

Maraqlıdır, Rafiq Əliyevin bu imtinasının arxasında başqa hansı nüanslar var? Hələ bir müddət öncə PA-da ictimai-siyasi şöbənin müdiri Əli Həsənov bildirmişdi ki, Ziyalılar Forumu, istərsə də yaradılacaq digər təşkilatlar Eldar Namazovla, Rüstəm İbrahimbəyovun başının altından çıxan məsələlərdir və bunun da kökündə şəxsi məsələlər durur. Bu gün isə Əli Həsənovun dedikləri öz təsdiqini tapdı və bu səbəbdən də ziyalılar oyundan kənarlaşmağa başladılar. Konkret olaraq Rüstəm İbrahimbəyovdan imtinanın kökündə bu məsələlər durur.

1. Rüstəm İbrahimbəyovun Bakıda biznes layihəsini həyata keçirə bilmədiyinə görə özünü müxalifət düşərgəsində göstərib pay əldə etmək istəyini gördüklərinə
2. Rusiyada Azərbaycan əleyhinə başlayan siyasi oyunun əsas iştirakçısından biri olmasının aşkarlanmasından
3. Ziyalıları bir araya toplayaraq kənar qüvvələrin maraqlarını təmin edən Eldar Namazovun siyasi iddialarında bir vasitəyə çevrilmələrini görmələrindən

Bununla yanaşı Ziyalılar Forumunda Rüstəm İbrahimbəyov oyununun oyunçusuna çevrilən ziyalıların bu gün ondan imtina etməsinin başqa bir ciddi səbəbi isə Ziyalılar Forumunun üzvü olan Əkrəm Əylislinin azərbaycanlıları təhqir edən əsər yazması və bu gün də erməni sevgisini açıq şəkildə nümayiş etdirməsidir. Milli dəyərlərə sayqı ilə yanaşan ziyalılar isə belə olan halda gülünc duruma düşdülər. Çünki hər zaman dövlətçiliyə, millətinə bağlı olduğunu deyən bu ziyalılar hazırda Əkrəm Əylisli, Rüstəm İbrahimbəyovun kölgəsində öz prinsiplərinə xəyanət etmiş duruma düşdülər. Bu isə sözsüz ki, qəbul olunmazdı. Digər tərəfdən isə artıq belə fikirlər səslənməyə başlayıb ki, Rüstəm İbrahimbəyovun yaratmaq istədiyi El hərəkatı əslində siyasiləşmiş bir gücə çevriləcək və əsas məqsədi seçkiöncəsi ölkədə siyasi gərginliyi artırmaq olacaq. Başqa cür desək bu hərəkat Azərbaycanda ərəb inqilabının təkrarlanması üçün hərəkətə keçəcək. Rüstəm İbrahimbəyova sədaqətliliyi ilə seçilən və talış separatizmini inkişaf etdirmək üçün son bir ildə meydana atılan Eldəniz Quliyevin addımlarıda ziyalıları ciddi narahat etməyə başlamışdı. Bütün bunlar isə ziyalılar üçün tərs bir sillə oldu və nəticədə ən doğru addım atıldı; ziyalılar Rüstəm İbrahimbəyovdan imtina etdilər. (Unikal qəzeti)