“Azərbaycan Ordusunun maddi-texniki təminatı məsələləri də daim diqqət mərkəzindədir. Azad olunmuş ərazilərdə dislokasiya olunan hərbi hissələrin sosial-məişət şəraitinin yaxşılaşdırılması prioritet məsələlərdəndir".

"Unikal" xəbər verir ki, bunu Müdafiə Nazirliyinin mətbuat xidmətinin mətbuat katibi, polkovnik-leytenant Anar Eyvazov bu gün keçirilən brifinqdə deyib.

MN rəsmisi bildirib ki, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin göstərişinə əsasən Müdafiə Nazirliyinin rəhbərliyi hərbi qulluqçuların döyüş hazırlığını yoxlamaq və onların sosial-məişət şəraiti, eyni zamanda aparılan tikinti-quruculuq işləri ilə tanış olmaq məqsədilə azad olunmuş ərazilərə cari il ərzində 30 dəfədən artıq səfər edib. 

A.Eyvazov qeyd edib ki, yüksək dağlıq ərazilərdə yerləşən bölmələrdə fasiləsiz elektrik enerjisi, isti və soyuq su xətləri çəkilib, 6 aylıq ərzaq, yanacaq ehtiyatı yaradılıb və qış mövsümü ilə əlaqədar bütün şəxsi heyət isti geyimlə təmin edilib.

O əlavə edib ki, Vətən müharibəsində sərf olunmuş raket və döyüş sursatlarının əvəzinə yeniləri alınaraq qoşunlara çatdırılıb, hazırda bütün birləşmə və hissələr döyüş sursatları ilə tam təmin olunub.