Azərbaycan Dillər Universitetində 2021-2022-ci tədris ilinin payız semestrinin qış imtahan sessiyası başlayıb.

"Unikal" xəbər verir ki, bu barədə universitetin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib. Qeyd olunub ki, imtahanlar ADU-nun rektoru, akademik Kamal Abdullanın 14 dekabr 2021-ci il tarixli əmrinə əsasən yanvarın 5-dən etibarən başlayıb. İmtahanlar fevralın 5-dək üç növbədə davam edəcək.

İmtahanların keçirilməsi zamanı “İmtahanlar zamanı koronavirus infeksiyasının (COVİD-19) profilaktikasına dair metodiki göstərişlər”ə və Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2020-ci il 10 sentyabr tarixli 332 nömrəli qərarı ilə təsdiq edilmiş “Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasında fəaliyyət göstərən təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin təşkilinin müvəqqəti Qaydaları”na riayət olunur.

Gün ərzində universitetin hər üç tədris korpusunda 7027 tələbədən 1500 tələbə imtahan verir. Yanvarın 6-na olan nəticələrə görə, 1479 tələbə imtahan verib, toplanılan ən yuxarı bal 100 bal, ən aşağı bal isə 53 bal olub.