"İndi hər şey Qazax xalqının iqtidarındadır. 1990-cı illərdə Azərbaycanda da "Moskva uşaqları" iqtidarı ələ keçirib, Kremldən gələn dəstəklə Azərbaycanı Rusiya hegemoniyasına salmaq istəyirdi. Xalq AXC ətrafında birləşərək bu planları pozdu. Üstəgəl, o zamankı Azərbaycan və indiki Qazaxıstanı müqaisə etsək, qazaxlar bir deyil, beş deyil, beş min dəfə yaxşı vəziyyətdədirlər. Sadəcə tək problem Qazax kütləsinin lidersiz olmasıdır". 

Bu sözləri "Unikal"a politoloq Həşim Səhrablı Qazaxıstanda baş verən kütləvi iğtişaşları şərh edərkən açıqlayıb.

Siyasətçi bildirib ki, 90-cı illərdə Azərbaycan xalqının Rusiya qüvvələrinə qalib gəlməsində Əbülfəz Elçibəyin böyük rolu olub: "Azərbaycandakı milli hərəkatın bəxti gətirmişdi ki, ona hələ 60-70-ci illərdən milli təfəkkür sahibi, böyük milli lider Əbülfəz Elçibəy kimi imanlı, inamlı biri rəhbərlik edirdi. Yəni xalq başıpozuq kütlə kimi deyil, təşkilatı qaydada, vahid mərkəzdə birləşib, vahid mərkəzdən idarə edilirdi.

Amma Qazaxıstanda xalqa rəhbərlik edəcək ciddi sima, lider yoxdur. Qazaxlar dağınıq, özbaşına hərəkət edirlər. Ümumiyyətlə, hərəkatın təşkilatçısı yoxdur. Nə olsun ki, Nazarbayev Qazaxıstan üçün çalışdı, səmimi idi, ancaq bu gün Qazaxıstan xalqının lidersiz qalması, küçələrdə ölərkən ona yol göstərəcək kimsənin olmaması Nazarbayevin, lap dəqiqi onun qurduğu diktator rejimin günahıdır.Çünki hər hansı bir diktatura idarəetməsində ölkəni çiyinlərində daşıyacaq fərdlər rejimə rəqib olmasın deyə məhv edilir. Qazaxıstan da bu aqibəti yaşadı. Doğru, düzgün şəxsiyyət yetişmədi və həlledici məqamda xalq başsız qaldı. 

Əgər Qazaxıstanda bir lider çıxıb hərəkatı lazımi səviyyədə idarə edərsə, Moskva Mütəllibovu qurban verdiyi kimi, Tokayevi də qurban verəcək..."

Ağarza Elçinoğlu