"Qiymət artımı hər birimizi təəssüfləndirir. Xüsusilə, aztəminatlı ailələrin bu baxımdan problemlər yaşadığını heç kim inkar edə bilməz. Bununla bağlı dövlət tərəfindən konkret addımlar atılır".

Bunu "Unikal"a açıqlamasında deputat Fəzail Ağamalı deyib. Deputat bildirib ki, dekabr ayının sonlarında dövlət başçısı 2022-ci ilin yanvarın 1-də qüvvəyə minən sosial paketi imzaladı:

"Pensiyalar, minimum əmək haqqı, müavinətlər və s. artırıldı. Bundan sonra da davam edəcək. Unutmaq olmaz ki, çörəyin qiymətinin bahalaşması dünyada gedən proseslərlə birbaşa bağlıdır. Taxıl istehsal edən ölkələr qiyməti artırıblar. Taxıl qıtlığı əmələ gəlib ki, bu da qiymətin artımına səbəb olur. Dəfələrlə belə vəziyyət yarananda dövlət qarşısını almaq üçün subsidiya verib. Həmçinin, buğda idxalı əlavə dəyər vergisindən (ƏDV) azad olunub. Pandemiyanın yaratdığı çətinliklər arasında həm də digər ərzaq məhsullarının qiymətində artımlar var. Cəmiyyət bu artımları ondan normal qəbul edir ki, süni qiymət artımı olmasın. Belə ki, möhtəkirlər yaranmış situasiyadan  istifadə edib daha çox qiymət artırmasın. Hər birimizi narahat edən budur".

Milli Məclisin üzvü qeyd edib ki, un və un məhsullarını istehsal edən, onun satışı ilə məşğul olan bütün müəssisələrin fəaliyyəti ciddi nəzarətə alınmalıdır:

"Süni qiymət artımlarının olmasına imkan verilməməlidir. Belə olarsa, onlar barəsində ciddi tədbirlər həyata keçirilməlidir.  Həmin möhtəkirlər tək cərimələrlə deyil, onlar haqqında cinayət məsuliyyəti də tətbiq olunamlıdır. Bütün bunlar ictimailəşməlidir ki, kimsə möhtəkirliklə məşğul olursa, bilsin ki, ciddi formada cəzalandırılır. Müvafiq qurumlar bununla bağlı monitorinqlər aparmalı, cəmiyyətə məlumat verilməlidir. Sonrakı aylarda, növbəti taxıl biçininə qədər ciddi bir vəziyyət yaranarsa, dövlət maliyyə resurslarından istifadə edərək qiymətin artmaması üçün baha qiymətə də olsa, ölkəyə taxıl gətirilməsinə başlamalıdır. Düşünürəm ki, növbəti taxıl yığımında həmin dövrün qiymətlərinə uyğun olaraq bir neçə illik taxıl ehtiyatını yaratmalıyıq. Ona görə ki, bu cür fors-major vəziyyətdə itkilərlə üzləşməyək. Taxılın və digər idxal edilən ərzaq məhsullarının ehtiyatını yaratmaq lazımdır. 

İşğaldan azad olunmuş ərazilərimizdə bərpa və quruculuq işlərindən sonra kənd təsərrüfatının inkişafı geniş vüsət alacaq. Azərbaycanın təbii şəraiti elədir ki, özünün taxıla olan ehtiyacını ödəyə bilmir. Bu baxımdan idxaldan asılı vəziyyətdəyik. Bu da obyektivdir. Gələcəkdə taxıl ehtiyatına daha ciddi yanaşmalı, lazım gələrsə, ölkənin maliyyə imkanlarından istifadə edərək taxıl ehiyatına diqqəti artırmalıyıq ki, belə xoşagəlməz vəziyyətlərin qarşısını ala bilək".

Anar Kəlbiyev