Onlar qanunsuz yolla alınan pullarının geri qaytarılmasını istəyəcək

İsmayıllıdakı məlum hadisələr artıq geridə qalsa da, bu xoşagəlməz olayların əks-sədası səngimir. Əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərovun kurasiyasında olmuş, daha dəqiq desək, özününküləşdirilmiş və uzun illər nazirin qardaşı Nizami Ələkbərovun rəhbərlik etdiyi rayonda indi çoxları gələcəyə daha ümidlə baxırlar: onlar uzun müddətdir İsmayıllını ağuşuna alan qanunsuzluqların, özbaşınalıqların yeni icra başçısı təyinatı ilə sona çatacağına inanırlar.

Əlbəttə, bu inamın nə qədər real olub-olmayacağını zaman göstərəcək. Hələliksə aldığımız duyumlar İsmayıllıda insanların Ələkbərov qardaşlarının onlara illərdir vurduqları zərbələri aradan qaldırmaq üçün hərəkətə keçdikləri yönündədir. Bu barədə bir qədər sonra daha ətraflı bəhs edəcəyik.

Öncə dünən yayılan bir xəbərə göz ataq. Orada İsmayıllının yeni təyin edilən icra başçısı Mirdaməd Sadıqovun rayon ictimaiyyətinin nümayəndələri ilə keçirilən görüşündən bəhs edilir. “Mən bütün idarə, müəssisə rəhbərlərinə xalqın qarşısında xəbərdarlıq edirəm ki, rüşvət alan, vəzifəsindən sui-istifadə edən məmurlar sərt şəkildə cəzalandırılacaq və işindən azad ediləcək” - deyə Sadıqov srağagün rayon ağsaqqalları və ictimaiyyət nümayəndələri ilə keçirilən görüşdə bildirib.

Prezidentin etimadını doğrultmaq üçün əlindən gələni edəcəyini deyən icra başçısı bununla bağlı ölkə başçısına söz verdiyini bildirib. O, görüşdə rayon ağsaqqallarının problemlərini dinləyərək şikayətləri ilə yaxından maraqlanıb. İcra başçısı İsmayıllıda iqtisadi inkişafa nail olmaq üçün yerli sahibkarlarla da məsləhətləşmələr aparıb.

Yerli sakinlər keçmiş icra başçısı Nizami Ələkbərovun və onun kadrlarının insanlarla reket kimi rəftar etdiyini və onların hamısının işdən azad olunmasını M.Sadıqovdan xahiş ediblər.

Rayonda işsizliyin qismən aradan qaldırılması üçün mühüm işlərin görüləcəyini bildirən M.Sadıqov sahibkarların təkliflərini öyrənərək bu haqda ölkə rəhbərliyinə məlumat verəcəyini deyib.

Görüşdə ünvanlı sosial yardım alan sakinlər dövlət tərəfindən onlara ayrılan müavinətlərin vaxtlı-vaxtında verilməməsindən şikayət edərək, yardımların bir neçə ayının mənimsənildiyini icra başçısının diqqətinə çatdırıblar. Əhali İsmayıllı rayon Əmək və Əhalinin Sosial Müdafiə Mərkəzindən narazılıq edib. Rayon sakinlərinin şikayətlərini dinləyən M.Sadıqov yerindəcə ƏƏSMM-in müdirinə xəbərdarlıq edərək, belə halların bir daha təkrarlanmamasını tapşırıb.

Burada olduqca ilginc not rayon sakinlərinin Ələkbərov qardaşlarının İsmayıllıdakı kadrlarının camaatla reket kimi rəftar etmələrini yeni icra başçısının diqqətinə çatdırmalarıdır və elə bu məqam da bizə çatan duyumların doğru olması ehtimalını artırır. Əldə etdiyimiz məlumata görə, rayon sahibkarları xüsusilə indiyədək qanuni yolla əldə etdikləri ticarət obyektləri və torpaq sahələrinin onlara verilməsi zamanı özbaşınalıqların yaşanmasını bağışlamaq fikrində deyillər. Bu səbəbdən də onların bəziləri ortaq müraciətlə sahibkarlıq fəaliyyətinə başlamaq, onu genişləndirmək istəyərkən özlərindən qanunsuz şəkildə tələb edilən və ödəmək məcburiyyətində qaldıqları pulları geri istəmək fikrindədirlər.

Bunun üçün bir qrup sahibkarın əvvəlcə Ələkbərov qardaşlarına ismarış göndərəcəkləri, tələbləri yerinə yetirilməyəcəyi təqdirdə isə rayon rəhbərliyinə ortaq bir müraciət ünvanlayacaqları gözlənilir. Dediyimiz kimi, buna onların mənəvi haqları da çatır: çünki ötən illər ərzində onlar öz biznes və fermer fəaliyyətləri zamanı mütəmadi olaraq sabiq icra başçısının əngəlləri ilə üzləşiblər, həm qeyri-qanuni «haqq» vermək məcburiyyətində qalıblar, həm də istər sahibkarlıq fəaliyyətinə başlamaq, həm də onu genişləndirmək istəyərkən onlardan qanunsuz tələb olunan pullar ödəməli olublar.

Ələkbərov qardaşlarının durumu göz qabağındadır, onlar faktiki «vurulmuş» vəziyyətdədirlər, adları ətrafında yeni qalmaqalın başlamasını isə heç cür arzulamırlar. Belə bir vaxtda rayon sahibkarlarının onların üstünə gəlməsi durumlarını daha da ağırlaşdıra bilər və bu situasiyada yeganə əlacları vaxtilə sahibkarlardan qeyri-qanuni yollarla aldıqları məbləğləri geri ödəməkdir. Bu mənada hesab edilir ki, sahibkarların onlara sözügedən məsələdə həmləsi olarsa, Ələkbərovlar məsələnin daha da böyüməməsi və yeni skandala bulaşmamaları üçün sahibkarların tələblərini sakitcə yerinə yetirəcəklər.

Əks halda onsuz da karyera baxımından perspektivlərinə heç bir ümid qalmamış Ələkbərovların adı ətrafında yeni narazılıq dalğası başlaya bilər ki, bunun fəsadları indikindən daha ağır ola bilər.
Ələkbərov qardaşlarına İsmayıllı sahibkarlarından şok həmlə