Bakıda avtomobillərin qanunsuz parklanması ilə əlaqədar növbəti reyd paytaxtın Nizami Rayon Polis İdarəsinin Dövlət Yol Polis Şöbəsinin əməkdaşları tərəfindən metronun “Qara Qarayev”, “Nefçilər” və “Xalqlar Dostluğu” stansiyalarının yaxınlığında baş tutub. Gün ərzində keçirilən reydlərdə 86 sürücü barəsində inzibati protokol tərtib edilib.

"Unikal" xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Nizami rayonunda keçirilən reydlər zamanı qanunsuz olaraq parklama xidməti təşkil edən 14 şəxs də müəyyən edilib və inzibati məsuliyyətə cəlb olunublar.

Analoji tədbir Nərimanov rayonu ərazisində də həyata keçirilib. Nərimanov Rayon Polis İdarəsinin Dövlət Yol Polis Şöbəsinin əməkdaşaları tərəfindən rayonun müxtəlif ərazilərində əsasən səkilərdə avtomobillərini qanunsuz olaraq saxlayan və bununla da piyadaların hərəkətinə maneə yaradan sürücülər müəyyən ediliblər. Qeyd edilən qayda pozuntusuna yol verən ümumilikdə 81 sürücü barəsində inzibati protokol tərtib edilib.

Bu istiqamətdə Nizami və Nərimanov rayonlarında yol polisi tərəfindən reydlər mütəmadi olaraq davam etdiriləcək.