"Hər zaman çıxışlarımda deyirəm ki, yeni kadrların çoxu köhnələrin atasına rəhmət oxutdurur. Zamanında mən də demişəm ki, gənc kadrları, xaricdə oxuyanları gətirib vəzifəyə qoyun, Azərbaycanı ağ günə çıxartsın. Amma bilmirdim ki, xaricdə oxumaq, dil öyrənmək və sonra gənc kadr olaraq vəzifəyə gəlmək Azərbaycan xalqını lap qara günə boyayacaq".

Bunu "Unikal"a açıqlamasında deputat Razi Nurullayev deyib. O bildirib ki, gənclərə daha çox yer verilməsi ilə bağlı çıxışına görə xalqdan üzr istəyir:

"Onlar vəzifəyə qoyulub ki, insanların problemini həll etsinlər. Onların vəzifəyə gəlməsindən sonra problemlər daha da çoxalıb. Mənə məlumdur ki, onlara çox pis irs qoyulub. Onlara qalan pis irsi daha da pis günə qoyurlar. Amma bunu azaltmalı idilər. Nə iş görürlər? Yalandan rüşvət almır deyib başqa yollarla min hiylə edirlər. Özlərini elə aparırlar ki, sanki Azərbaycan pis gündə idi, bunlar düzəldiblər. Cavab versinlər ki, nəyə görə problem azalmadı? Konkret iş aparılmalıdır ki, qanunsuzluqların qarşısı alınsın".

Deputat iqtidara müraciət edib ki, Azərbaycana xaricdən insanlar gətirilsin:

"Ölkəmizə Yaponiyadan, Almaniyadan, İngiltərədən, Sinqapurdan mütəxəssislər gətirilsin, onlara Azərbaycan vətəndaşlığı verilsin və vəzifələrə təyin edilsin. Bir nazirlikdə, komitədə ən azından 50 alman, 50 yapon, 50 ingilis işləsin. Lap nazir, onun müavinləri təyin olunsunlar. Kimi vəzifəyə qoyursan, narazılıq yaradır. Bəlkə də həmin kadrların günahı yoxdur. Ola bilsin ki, onlara işlməyə icazə verilmir. Zəng gəlir ki, bunu belə et, edəndə digəri zəng edir ki, etmə. Bəlkə, "Arşın mal alan" filmindəki kimi, "biri deyir oxu, o biri deyir oxuma" gününə qalıblar. Bu, aydınlaşdırılmalıdır".

Anar Kəlbiyev