Portuqaliyanın Almada şəhərində cüdo üzrə Qran-Pri turnirinə start verilib.

"Unikal" xəbər verir ki, üzvləri arasında koronavirusa yoluxanlar olduğundan yarışa kiçik heyətlə qatılmaq məcburiyyətində qalan Azərbaycan millisinin iki cüdoçusu tatami üzərinə çıxıb.

60 kq çəki dərəcəsində mübarizə aparan təmsilçilərimizin nəticələri fərqli olub. Balabəy Ağayev finala qədər irəliləyib, Rövşən Ağayev turnirlə erkən vidalaşıb.

Qeyd edək ki, Balabəy Ağayev yarışa uğurlu başlayıb. Öncə Bahrom Boturovu (Özbəkistan) mübarizədən kənarlaşdıran təmsilçimiz isveçrəli Lionel Şvandev və monqolustanlı Tsoqt-Oçir Byambayav üzərində qələbələr qazanaraq yarımfinala yüksəlib.

Finalın bir addımlığında yaponiyalı Taiki Nakamuraya qalib gələn Ağayev həlledici qarşılaşmaya vəsiqə qazanıb.