“Gangnam


“Məni dəstəkləyən yoxdu”

4 yaşında uşaqlar belə bu gülməli rəqsi əzbər bilir. Musiqi sektorunda bir anda partlayan və sevilən “Gangnam style” mahnısını bilməyən, eşitməyən varmı aranızda? Türkiyənin “Hürriyet” qəzetinin yazarı Ayşe Arman bu məşhur mahnının müəllifi PSY-dan (oxunuşu SAY- red.) müsahibə alıb. Kulis.az SAY-ın çox maraqlı müsahibəsini sizə təqdim edir:

SAY kimdir?

Əsl adı Park Çe-San olan SAY 1977-ci ildə Cənubi Koreyada doğulub. 2001-ci ildə ilk albomunu çıxarıb, amma qəribə rəqs hərəkətləri cəmiyyət tərəfindən yaxşı qəbul edilməyib və bəzi müzakirələrə səbəb olub. Bir il sonra çıxardığı ikinci albomu da uğursuz olub. 2006-cı ildə evlənib və əkiz uşaqları olub. 2010-cu ildə çıxartdığı “SAY-ın ən yaxşı albomu” adlı albomu “ən çox satılanlar” siyahısına daxil olub. Hətta Mədəniyyət Nazirliyi onu xüsusi medalla da təltif edib. 2012-ci ildə buraxdığı albomundan “Gangnam style” mahnısı isə onu zirvəyə çatdırıb. SAY-ın uğuru atasının şirkətinin də hissələrinin bahalaşmasına səbəb olub. Hazırda şirkət hissələri iki ayda iki dəfə qalxaraq 101 milyon dollara çatıb.

“Mən heç nə etməmişəm. Mahnını fenomen edən insanlardır!”

- Musiqi istedadı haradan qaynaqlanır?

- Heç kimdən. Kaş elə bir imkanım olaydı. Ailəm o qədər mühafizəkardır ki, musiqini sevən təkcə mən idim. Onlar üçün musiqi dəlilikdir.

- Bəs müğənni olmağa nə vaxt qərar verdiniz?

- Bu həqiqətdir ki, mən möhtəşəm müğənni deyiləm, olmamışam da. Amma musiqiyə sevgim sonsuzdur. Orta məktəbdə olanda amerikan rep mahnılarına qulaq asdım və öz-özümə dedim: “Oğlum, müğənni olmaq üçün hələ də imkanın var”. Universitet təhsili üçün Amerikaya gedəndə mahnı bəstələməyə və musiqi sektorunda işləməyə başladım.

- Sizi kim kəşf edib?

- Xüsusi bir adam yoxdur. Hamı kəşf edib məni. Heç dəstəkləyən bir adamım da yox idi. Nə qədər musiqi şirkəti məni qapıdan qaytarıb, inanmazsınız. Bütün qapılar üzümə bağlıydı. Ona görə, öz musiqimi özüm yazdım, hazırladım.

- Yəni məqsədiniz bəstəkarlıqdır?

- Elədir. Bəstəkar olmaq istəyirdim, müğənni yox. Mahnılarımı da Koreyada musiqi şirkətlərinə satmağa çalışırdım. Amma heç kim vecinə almadı. Özümə dedim, mahnılarımı heç kim oxumursa, özüm oxuyaram. Bir gün mütləq uğur əldə edəcəyimə inanırdım. Hiss edirdim bunu.

“Boston Universitetində dərslər tezdən idi, yuxudan dura bilmirdim”

- Musiqi karyeranız 12 il əvvəl başlayır. Bu illər ərzində indiki uğurunun xəyalını qururdun?

- Uğur qazanacağıma yüz faiz əmin idim. Məşhur müğənni olacağımı fikirləşirdim, amma belə yox! “Gangnam style”-ın dünya üzrə fenomen olacağını yuxuda görsəm, inanmazdım.

- Boston və Berkli Universitetlərində niyə oxumusunuz?
- Əvvəlcə Boston Universitetinə daxil olmuşdum, amma dərslər tezdən başlayırdı deyə yuxudan durub dərsə çata bilmirdim. Onun əvəzinə, musiqiçi və bəstəkar olmaq üçün Berkliyə üz tutdum.

- Amma orada da axıra qədər oxumamısınız. Səbəb nə idi?

- Məncə, yaradıcılıq universitetdə oxuyaraq əldə edilən bir şey deyil. Ona görə, çıxdım ordan, karyera qurmaq üçün Koreyaya qayıtdım.

“İnsanları əyləndirmək istəyirdim”

- “Gangnam style” necə yarandı?

- Bu mahnı mənim 6-cı albomumdandır. 2012-ci ilin yay aylarında yazmışdım.

- Bəs necə populyarlaşdı?

- O dövrdə Koreyada iqtisadi vəziyyət pisləşmişdi, havalar da dəhşət isti idi. Hamı bezmişdi. İnsanları bir neçə dəqiqəlik də olsa, problemlərindən uzaqlaşdırmaq, əyləndirmək üçün bir mahnı yazdım. Dedim, videosu da gülməli olsun. Qoy baxanlar dursun oynasın, əylənsin, gülsünlər...

- Yəni mahnının hansısa mesajı yoxdur...

- Yox. Yeganə məqsəd insanları güldürmək idi. “Gangnam style”-ın heç bir gizli mənası yoxdur. Gündüzləri sakit, gecələri səs-küylü olan Seulda bir küçənin adıdır. Mən də bu ab-havada bir mahnı hazırladım.

- Sözlər də, bəstə də sizindir?

- Bəli, bəli. 12 ildir özüm yazıb, özüm bəstələyirəm.

- Bəs klip necə? O da sizin ideyanızdır?

- Bir çox koreyalı rejissorla işləmişəm. Məqsədimiz klipdəki lift səhnəsi kimi absurd, gülməli, əyləncəli səhnələr yaratmaq idi. Çəkilişlər də çox gülməli olurdu.

- Xoreoqrafiya kimə aiddir?

- İdeyalarım var idi, onları istədiyim kimi çatdırmaq üçün müxtəlif xoreoqraflarla işlədim. Hamısı professionallar idi. Etiraf edim ki, bütün heyvan fiqurlarını yoxladıq, axırda atda, at rəqsində qərarlaşdıq. Ən gülməli və əyləncəlisi o idi.

- Yer kürəsinin 1 milyarddan çox insanı klipinizə baxıb. Bu nəticə sizi təəccübləndirdi?

- Özü də necə! Mən koreyalılar üçün mahnı yazmışdım, sən demə, bütün dünya xalqları baxıb əylənəcəkmiş. “Youtube”-a klipi yüklədim, sonra olanlara özüm də məəttəl qaldım.

- Sizcə, niyə bu qədər populyarlaşdı?

- Mən heç nə etməmişəm. Mahnını fenomen edən mən deyiləm, insanlardır. Əyləncəli mahnı, klip və rəqs insanların xoşuna gəldi. İndi hamı o rəqsi öyrənib oynayır.

- İndi gələk ən vacib suala. Bu uğur davamlıdırmı? “Bir dəfə tutdu, ikinci dəfə də tutar” deyirsiniz?

- Düzdür, bu cəhətdən üstümdə çox təzyiqlər var. Nə desəm, yalan olar. Əlimdən gələni edəcəyəm. Nəticələrini görəcəyik.

- Uğur gözlərinizi qamaşdırmır?

- Yox. Çalışacağam ki, gələcək mahnılarım da belə olsun.

- Heç həyata baxışınızı da dəyişmədi yəni?

- Xeyr, dəyişməyib. Sadəcə indi dünyanın ən bəxtəvər insanlarından biri olduğumu düşünürəm. Konsertlərə görə bütün dünyanı gəzirəm. Hər yerdən təkliflər gəlir.

Maraqlı məlumatlar:

- “Gangnam style” Cənubi Koreyanın Manhetteni kimi məşhur olan Gangnam bölgəsini də tanıtdı. Klipdə SAY Gangnamda yaşayan, xüsusən sonradan varlanan insanlar kimi geyinərək lüks həyatlarına “sataşır”.

- İndiyədək bu rəqsi Barak Obama (ABŞ prezidenti), Pan Gi Mun (BMT-nin sədri), Erik Şmidt (“Google”un baş direktoru), Britni Spirs, Haydi Klum, Hyuc Cekmen və s. kimi məşhurlar oynayıb.