Azərbaycanda ali təhsil müəssisələrinə tələbə qəbulu qaydaları dəyişib.

"Unikal" xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.
Qərara əsasən, abituriyentlər ali təhsil müəssisələrinə sənəd qəbulu zamanı III ixtisas qrupu üzrə elektron ərizə doldurarkən, öz istəklərinə uyğun olaraq ərizələrində təhsil almaq istədikləri ixtisas və ya ixtisaslara uyğun olan iki altqrupdan birini, yaxud hər iki altqrupu seçməli olacaqlar.

İxtisas qrupları və altqrupları üzrə imtahan fənləri, onların üstünlük dərəcələri və nisbi əmsalları müəyyən ediləcək.

Qərara əsasən, III ixtisas qrupu üzrə olan tələb dəyişib aşağıdakı kimi olacaq:

III ixtisas qrupu:

- dil-tarix (DT) altqrupuna daxil olan ixtisaslar üzrə - qəbul imtahanının dilinə uyğun olaraq, Azərbaycan dili və ya rus dili (nisbi əmsal:1,5), tarix (nisbi əmsal:1,5) və ədəbiyyat (nisbi əmsal:1);

- tarix-coğrafiya (TC) altqrupuna daxil olan ixtisaslar üzrə - qəbul imtahanının dilinə uyğun olaraq, Azərbaycan dili və ya rus dili (nisbi əmsal:1,5), tarix (nisbi əmsal:1,5) və coğrafiya (nisbi əmsal:1);”

Əvvəllər belə idi: III ixtisas qrupu – qəbul imtahanının dilinə uyğun olaraq, Azərbaycan dili və ya rus dili (nisbi əmsal:1,5), tarix (nisbi əmsal:1,5) və ədəbiyyat (nisbi əmsal:1);

Eyni zamanda qərara edilən dəyişikliyə əsasən, III ixtisas qrupu üzrə dil-tarix (DT) altqrupuna daxil olan ixtisasların müsabiqəsi ilə yanaşı, tarix-coğrafiya (TC) altqrupuna daxil olan ixtisasların müsabiqəsində də iştirak etmək istəyən abituriyentlər əlavə olaraq coğrafiya fənnindən fərq imtahanı verməlidirlər.