Fevralın 21-də Ermənistan prezidenti Serj Sərkisyan İrs Partiyasının lideri Raffi Ovannisyanı qəbul edib. “Media forum” saytı xəbər verir ki, prezident iqamətgahındakı kabinetində Ovannisyanı gülə-gülə qarşılayan Sərkisyan söhbətə “Raffi, niyə belə kədərlisən?” atmacası ilə başlayıb.

Bir saata yaxın bağlı qapı arxasında davam edən görüşdən sonra iqamətgahın qarşısında tərəfdarlarına yaxınlaşan Ovannisyan nəticələr haqda məlumat verməkdən imtina edib. Diplomatlarla görüşünün planlaşdırıldığını deyən Ovannisyan fevralın 22-si Yerevanda keçiriləcək mitinqdə bütün suallara cavab verəcəyini vurğulayıb və hamını dağılışmağa çağırıb.

Ermənistanda fevralın 18-də keçirilmiş prezident seçkisi Respublika Partiyasının lideri, prezident Serj Sərkisyanın qələbəsi ilə nəticələnib. Səslərin 58,64%-ni toplayan Sərkisyanın əsas rəqibi Raffi Ovannisyan seçicilərin 36.75%-nin dəstəyini alıb. Mərkəzi Seçki Komissiyasının elan etdiyi nəticələrlə razılaşmayan Ovannisyan tərəfdarları kütləvi etiraz aksiyalarına başlayıb. Ovannisyan seçkinin saxtalaşdırıldığını və özünün prezident seçildiyini iddia edir.
Sarkisyan Ovanisyanla görüşdü