“Gəncə Qalası” ticarət mərkəzinin “Bazaar mall” hissəsinin açılışı baş tutub.

"Unikal"  xəbər verir  ki, açılış mərasimində Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Türkiyənin Gəncədəki Baş konsulu Zeki Öztürk, YAP Gəncə şəhər təşkilatının sədri Ramil Orucov, “Gəncə Qalası” ticarət mərkəzinin rəhbərliyi, ictimaiyyət nümayəndələri və şəhər sakinləri iştirak ediblər.

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov “Gəncə Qalası” ticarət mərkəzinin açılışı münasibətilə şəhər sakinlərini təbrik edib. Şəhər rəhbəri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın Gəncəyə göstərdikləri diqqət və qayğıdan, habelə sahibkarlığın inkişafına verilən dəstəkdən söz açıb. O qeyd edib ki, bu gün ölkəmizdə sahibkarlığın inkişafına xüsusi diqqət göstərilir və həyata keçirilən uğurlu siyasət nəticəsində özəl sektor inkişaf etməkdədir. Niyazi Bayramov fürsətdən istifadə edərək, tədbir iştirakçılarını qarşıdan gələn Novruz bayramı münasibətilə təbrik edib.

Türkiyənin Gəncədəki Baş konsulu Zeki Öztürk də öz növbəsində Gəncə şəhər sakinlərini və ticarət mərkəzinin rəhbərliyini “Bazaar mall”un açılışı və Novruz bayramı münasibətilə təbrik edib.

“Gəncə Qalası” ticarət mərkəzinin açılışı münasibətilə tədbir iştirakçılarına maraqlı və əyləncəli, Novruz əhvali-ruhiyyəli şou-proqram təqdim olunub.

Daha sonra “Bazaar mall”a tanışlıq baş tutub. “Gəncə Qalası” ticarət mərkəzinin bu hissəsində kənd təsərrüfatı məhsullarının satışı həyata keçiriləcək. Burada 200-dən çox rəf və mağaza fəaliyyət göstərəcək. “Bazaar mall”ın mərkəzi hissəsində 140 rəf meyvə və tərəvəz, 30-a yaxın rəf isə ağartı məhsullarının satışı üçün ayrılıb. Burada 30 ət dükanı və 20-yə yaxın müxtəlif növ mağaza mövcuddur.

“Bazaar mall”un daxilindəki “Sehrli təndir” adlı çörək dükanında ənənəvi təndir çörəyi ilə yanaşı, Gəncə kətəsi və müxtəlif növ şirniyyatlar alıcılara təqdim olunur. Burada “Nargilə” adlı ailəvi kafe, gül və sənətkarlıq dükanları mövcuddur.

Alıcıların rahatlığını təmin etmək üçün “Bazaar mall”un zirzəmi (-1) hissəsində 150-160 avtomobillik dayanacaq inşa edilib. Yuxarı mərtəbəyə qalxmaq üçün lift və eskolatorlar quraşdırılıb.

Qeyd edək ki, Gəncə Şəhər İcra Hakimiyyətinin təşəbbüsü ilə burada Novruz yarmarkası da təşkil olunub. Yarmarkada müəyyən olunmuş münasib qiymətlərlə məhsullar sakinlərə təqdim olunur. Yarmarka aprel ayının 1-dək davam edəcək.

Məlumat üçün bildirək ki, burada 600 nəfərin işlə təmin olunması nəzərdə tutulur. Hazırda 300 nəfər işlə təmin edilib ki, onlar arasında da üstünlük şəhid ailələri və qazilərə verilib.

Xatırladaq ki, “Gəncə bazarı”, yaxud “kolxoz bazarı” adı ilə tanınan bazar müəyyən səbəblərdən sökülmüş və yerində Gəncə Şəhər İcra Hakimiyyətinin təşəbbüsü ilə yeni müasir standartlara cavab verən ticarət mərkəzi inşa edilmişdir.