Ramazan Mollayevin sərgüzəştləri
Son zamanlar korrupsiyaya qarşı aparılan mübarizə ciddi səmərə verməkdədir. Əsasən hansı sahələrdə korrupsiya və rüşvətin artdığı açıq şəkildə görünür. Aydın olur ki, bu gün ölkədə rüşvət və korrupsiya hallarına daha çox təhsil sahəsində rast gəlmək mümkündür.

Belə ki, saxta diplom satışı, tələbə köçürmələri, testdən kənar qəbulların keçirilməsi, semestr imtahanlarında rüşvətin inkişafı demək olar, ən ağrılı məsələdir. Bir neçə gün öncə Bakıxanov qəsəbəsində kollec direktorunun və bir neçə müəllimin həbsi də buna əyani misaldır. Amma, deyəsən indi də növbə Əzizbəyov rayonunda yerləşən Texniki kollecin direktoru Ramazan Mollayevdədir.

Əldə etdiyimiz məlumata görə, bu kollec sözün həqiqi mənasında rüşvət yuvasına çevrilib. Tələbələrin semestr imtahanlarında rüşvət verməsi az qala qanuniləşdirilib. Məlumata görə, siyahıya alınmalar təşkil edilir və bundan sonra pullar yığılır. Dəfələrlə bununla bağlı direktor Ramazan Mollayevə xəbərdarlıqlar edilsə də, heç bir nəticə olmayıb.

Bu azmış kimi, Ramazan Mollayevin kolleci həm də başqa gəlir mənbəyinə çevrilib. Belə ki, məktəbin ərazisində tədris üçün nəzərdə tutulan təmir sexləri fərdi şəxslərə icarəyə verilib və gəlir dövlətə yox, Ramazan Mollayevin cibinə axır. Məlumatda bu da bildirilir ki, kollecdə baş verən qanunsuzluqlarla bağlı artıq Respublika Prokurorluğu yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə şikayətlər edilib və yaxın günlərdə kollecdə yoxlamalara start veriləcək.