Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyevin Xırdalan şəhər sakinləri ilə səyyar qəbul-görüşü keçirilib. 

"Unikal" xəbər verir ki, “Açıq qapı” formatında düzənlənən görüşdə rayonun hüquq-mühafizə orqanlarının, xidmət təşkilatlarının rəhbərləri, şəhid ailələri, qazilər və qəsəbə sakinləri iştirak edib. 

İştirakçılar əvvəlcə Xırdalan şəhərində yerləşən Heydər Əliyev Parkında həyata keçirilmiş abadlıq-quruculuq işlərinə və park ərazisində yeni qurulan idman meydançasına baxış keçiriblər. Görülən işlər barəsində məlumat verilərək bildirib ki, sakinlərin etdiyi müraciətlərdən sonra Heydər Əliyev Parkındakı açıq sahədə idman meydançasının qurulması istiqamətində qərar verilib.

Sözügedən sahəyə idman meydançası üçün nəzərdə tutulan xüsusi döşəmələr döşənmiş, əraziyə bir-birindən fərqli 18 idman qurğusu quraşdırılıb. Bu qurğulardan təkcə yeniyetmələr və gənclər deyil, eyni zamanda yaşlı insanlar və hərəkət məhdudiyyəti olan sakinlər də yararlana biləcəklər. Bundan başqa meydançanın kənarlarına oturacaqlar qoyulmuş, 50-dən çox həmişəyaşıl ağac və gül kolları əkilib. Bununla da park ərazisində yaradılan idman meydançalarının sayı 2-ə çatdırılıb. Abdin Fərzəliyev idman meydançasında yaradılan şəraitlə tanış olduqdan sonra şəhər sakinləri ilə görüşüb, onların istək və arzuları ilə maraqlanıb. 

Sonra Heydər Əliyev Mərkəzində baş tutan görüşdə çıxış edən RİH başçısı Abdin Fərzəliyev hər həftə səyyar qəbulların keçirildiyini qeyd edərək, yerlərdə yaranan problemlərin dərindən araşdırıldığını və onların həlli istiqamətində proqramların hazırlandığını qeyd edib. 

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə qələbə qazandığımız 44 günlük Vətən Müharibəsi haqqında danışılaraq bildirilmişdir ki, dövlətçiliyimizə, ərazi bütövlüyümüzə və suverenliyimizə qarşı yönələ biləcək bütün addımlar yerindəcə zərərsizləşdiriləcəkdir. 

Qeyd edilib ki, bütün respublika ərazisində olduğu kimi, Abşeron rayonunda da yaşayan şəhid ailələri və Vətən Müharibəsi iştirakçıları Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Birinci Vitse-prezident Mehriban xanım Əliyevanın daimi diqqət və qayğısı ilə əhatə olunub. 

Daha sonra çıxış edən Xırdalan sakinləri yeni məktəb və bağça binalarının tikilməsində, sənədsiz evlərin sənədləşdirilməsində, yağış sularının axıdılması zamanı yaranan kanalizasiya problemlərinin köklü şəkildə həll olunmasında və digər problemlərin aradan qaldırılmasında köməklik göstərilməsini xahiş ediblər. 

Sakinlər tərəfindən qaldırılan məsələlər yerindəcə həll olunub, müəyyən vaxt tələb edən digər məsələlərin həlli istiqamətində isə müvafiq tapşırıqlar verilib.