Dövlət Neft Fondu bu il tələbələrin xaricdə təhsili üçün 30 milyon manat vəsait ayıracaq


Bu il Azərbaycan tələbələrinin xaricdə təhsil alması üçün Dövlət Neft Fondundan 30 milyon vəsait ayrılacaq.

Bu barədə təhsil naziri Misir Mərdanov Təhsil Nazirliyində ”2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”na dair Məlumat İdarəetmə Sisteminin və yeni veb-saytın hazırlanması ilə bağlı təqdimatda çıxışında deyib. O bildirib ki, ildən ilə azərbaycanlı gənclərin xaricdə təhsili üzrə ayrılan vəsait artırılır. Nazirin sözlərinə görə, ötən il bu məbləğ 20 milyon manat təşkil edib, bu il isə həmin məbləğin 30 milyon həcmində olması nəzərdə tutulur: “Proqramın icrasına başlayanda düşünürdük ki, onun icrasına pulu necə çatdıracağıq. Amma indi artıq pulun çoxluğundan narahatıq ki, onu səmərəli xərcləyə biləcəyikmi?”.