Azad Rəhimovla Hacıbala Abutalıbova qarşı böyük təhlükə
Hesablama Palatası iki oliqarxın dövlət vəsaitlərini necə xərclədiyini təftiş edəcək

Gənclər və idman naziri Azad Rəhimovla Bakı şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbovu təşfişə salacaq xəbər var. Söhbət hər iki oliqarx-məmuru gözləyən təftişdən gedir. Artıq belə bir təftişin olacağı rəsmən təsdiqlənib.

Belə ki, dünən Hesablama Palatasının Kollegiya iclası keçirilib. «Unikal»ın Hesablama Palatasının rəsmi saytına istinadən verdiyi məlumata görə, Hesablama Palatasının Kollegiya iclasında Ağcabədi və Goranboy rayonlarının yerli icra hakimiyyəti orqanları tərəfindən dövlət mülkiyyətində olan torpaqların istifadəsinə dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşundan Beyləqan Rayon İcra Hakimiyyətinə ayrılan vəsaitlərin istifadəsinə və Azərbaycan Respublikası Ərazilərinin Bərpası və Yenidənqurulması üzrə Agentliyinə su təchizatı və kanalizasiya sistemlərinin yaradılmasına və su təmizləyici qurğunun tikintisinə ayrılan vəsaitlərin istifadəsinə dair auditlərin nəticələri üzrə Rəy və Hesabatlar müzakirə olunaraq təsdiq olunub.

Nəzarət tədbirlərinin nəticələri barədə Azərbaycan Respublikasının Milli Məclisinə məlumatların təqdim edilməsi qərara alınıb. Kollegiya iclasında, dövlət büdcəsinin mərkəzləşdirilmiş xərclərindən Gənclər və İdman Nazirliyinin aparatının saxlanmasına, “Azərbaycan Gəncliyi 2011-2015-ci illərdə” dövlət proqramına və tədbirlərə, Nazirliyin tabeliyindəki qurumların (seçmə qaydada) maliyyə təsərrüfat fəaliyyətinə, dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşundan isə Bakı şəhər İcra Hakimiyyətinə “Bakı şəhərində binaların təmiri, bərpası, gücləndirilməsi, işıqlandırılması, şəhərdə abadlaşdırma işlərinin aparılması, fəvvarələrin inşası və tikinti sahələrindən əhalinin və obyektlərin köçürülməsi” və “Bakı şəhərinin qəsəbələrində və kəndlərində yolların asfalt örtüyünün təmiri və işıqlandırılması” layihələrinə ayrılan vəsaitlərin proqnozlaşdırılması və istifadəsinə, habelə Kürdəmir və Hacıqabul rayonlarının yerli icra hakimiyyəti orqanları tərəfindən dövlət mülkiyyətində olan torpaqların istifadə vəziyyətinə dair audit proqramları da təsdiqlənib.

Bundan başqa, Azərbaycan Respublikasının Təhsil Nazirliyinin tabeliyində olan Heydər Əliyev adına Liseyə, Azərbaycan Turizm İnstitutuna, Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinə ayrılan dövlət vəsaitlərinin necə xərcləndiyi də yoxlanılacaq.
Yazının əvvəlində də qeyd etdiyimiz kimi, burada xüsusilə Azad Rəhimovun nazirliyində və Hacıbala Abutalıbovun rəhbərlik etdiyi paytaxt meriyasında audit proqramlarının həyata keçirilməsinin təsdiqlənməsi maraq doğurur. Məsələ burasındadır ki, hər iki oliqarx-məmur və onların başçılıq etdikləri qurumlar ölkə KİV-nin ən çox tənqid və irad hədəfində olmaları ilə fərqlənirlər. Bu tənqid və iradların əsas mahiyyətini məhz ayrılan dövlət vəsaitlərinin təyinatı üzrə, şəffaf xərclənməsi yönündəki qaranlıq məqamlar təşkil edir ki, bu da Hesablama Palatasının aparacağı yoxlamalar sonucunda ortaya kifayət qədər nöqsanların çıxacağı yönündə bəri başdan ehtimallar səsləndirməyə əsas verir.

Azad Rəhimovla bağlı təftişin ən ilginc aspektini “Azərbaycan Gəncliyi 2011-2015-ci illərdə” dövlət proqramına və tədbirlərə ayrılan dövlət vəsaitlərinin necə xərclənəcəyi təşkil edəcək; çünki həmin dövlət proqramından irəli gələn vəzifələrin yerinə yetirilməsi zamanı daha çox formallığın üstün tutulduğu, bir çox hallarda həyata keçirilən tədbirlərə sərf olunan vəsaitlərin şişirdilməsi və s. kimi müxtəlif iddialar var. Hesablama Palatasının bu yoxlamaları həmin iddiaların doğru olub-olmadığına aydınlıq gətirəcək. Əgər iddialar təsdiqini taparsa, bunun Gənclər və İdman Nazirinin seçki ilində onsuz da iqtidar çevrələrində laxlamış dayaqlarını, zəifləmiş mövqelərini daha da sarsıtması qaçılmaz olacaq. Son nəticədə isə onun prezident seçkilərindən sonra formalaşdırılacaq yeni hökumətdə yer alması ciddi şübhə altına düşəcək.

Hacıbala Abutalıbovun isə Hesablama Palatasının yoxlamalarından daha çox narahat olmaq haqqı var. Onun və rəhbərlik etdiyi paytaxt meriyasının ünvanına korrupsiya ittihamlarını saymaqla bitmir. Elə bir gün yoxdur ki, ölkə mətbuatında bu yöndə hansısa yazı - araşdırma, xəbər dərc edilməsin. Təsadüfi deyil ki, son günlər ölkənin aparıcı KİV-ləri seçki ilində iqtidarın «qurbanlıq» kimi müəyyənləşdirdiyi icra başçıları siyahısının ilk pilləsində məhz Abutalıbovun adını çəkirlər. Ondan narazılıq və şikayətlərin kəskin artmasının belə bir addımı qaçılmaz etdiyi, ictimai rəyi iqtidarın xeyrinə daha çox dəyişdirmək üçün belə bir addımın atılmasının vacibliyi bildirilir.
Bu mənada Hesablama Palatasının Bakı şəhər İcra Hakimiyyəti ilə bağlı təftişlərinin sonucu xüsusi önəm daşıyır; çünki paytaxt merini məhz həmin təftişlərin nəticələri əsasında da «vura» bilərlər. (“Unikal” qəzeti)