Gürcüstandan birtərəfli qaydada müstəqilliyini elan edən və Rusiyanın dəstəklədiyi Cənubi Osetiyada iyulun 17-də birbaşa Rusiyaya birləşmək üçün referendumun keçirilməsi qərarı dayandırılıb.

"Unikal" xəbər verir ki, Qondarma Cənubi Osetiya Rəyasət Heyətinin yaydığı bəyanatda bildirilir ki, yeni seçilmiş qondarma prezident Alan Qaqloyev iyulun 17-də Cənubi Osetiyanın Rusiyaya birləşməsi ilə bağlı referendumun keçirilməsini dayandırmaq haqqında fərman imzalayıb.

Bəyanatda keçmiş qondarma prezident Anatoli Bibilovun mayın 13-də imzaladığı fərmanın qeyri-müəyyən müddətə dayandırıldığı və sözügedən qərarın bunu ilk növbədə Rusiya tərəfi ilə müzakirə etmək məqsədilə verildiyi bildirilib.

Bibilovun imzaladığı sərəncamda referendumla bağlı hüquqi məsələlərdə müəyyən “qeyri-müəyyənliklərin” olduğu qeyd edilib və aşağıdakı ifadələrdən istifadə olunub:

“Məsləhətləşmələr başa çatana qədər Cənubi Osetiya Respublikası Prezidentinin 2022-ci il mayın 13-də Cənubi Osetiya Respublikasında referendumun keçirilməsinə çağırış haqqında Fərmanının icrası dayandırılır”.