Əkrəm Əylisli Xocalı abidəsini gizlicə ziyarət etdi

“İnsanların gözü qarşısında Xocalı abidəsini ziyarət edə bilməzdim”

"Mən hər il Xocalı abidəsini ziyarət edirəm. Bu gün də etdim. Heç kəsin xəbəri olmadan, gizlin abidəni ziyarət etmişəm".

Bunu qalmaqallı "Daş yuxular" romanının müəllifi Əkrəm Əylisli bildirib.

"Abidəni niyə gizlin ziyarət etmisiz" sualına cavab olaraq Ə.Əylisli bildirib ki, ona qarşı təxribat ola biləcəyindən ehtiyat edib: "İndiki durumda insanların gözü qarşısında həmin abidəni ziyarət edə bilməzdim. Həyatıma təhlükə davam edir. İstərdim ki, insanlar "Daş yuxular"ı unutsunlar və mən də ölkəmdə rahat yaşayım, şəhərdə qorxusuz gəzim" - deyə, Ə.Əylisli bildirib.

Yazıçı təəssüflə bildirdi ki, hələ də cəmiyyətdə "Daş yuxular" romanından istifadə edib narazılıq yaratmaq, gərginliyi saxlamaq istəyənlər var: "Əsərimi Azərbaycan dilinə tərcümə edib dərc edirlər. Xəbərim var bundan. Niyə edirlər, bilmirəm. Mən məsələyə nöqtə qoydum, onlar da nöqtə qoysunlar".

Ə.Əylisli özünə və ailəsinə qarşı hər hansı təzyiqlərin olub-olmaması barədə suallara cavab vermək istəmədiyini bildirdi.