Onlar xəbərdarlıqlardan nəticə çıxarmaq yerinə kampaniyaçılığa başlayıblar

Quba sonra Masallı rayonundan da bu rayonun rəhbərliyini müdafiə edən və rayondakı inkişafı tərifləyən bəyanat yayıldı. Belə ki, Masallı ziyalılarının təmsil olunduğu bildirilən Masallı Rayon Ziyalılar Cəmiyyəti Masallı Ziyalıları Birliyi və onun rəhbəri Məmmədağa Eynullayev əleyhinə bəyanat yayıblar.

Müraciətdə “Məmmədağa Eynullayevi hamımız tanıyırıq. Vaxtilə rayon icra hakimiyyəti aparatında vəzifə tutub. Adı bir sıra qalmaqallarda, alış-verişdə hallanan, tutduğu posta dönüklük edən, vəzifə səlahiyyətləri çərçivəsində onlarca insanı aldadan şəxs bu gün ona-buna şər və böhtan atır. Qərəzinə, şəxsi ambisiyasına söykənib ləyaqətli adamlar barədə ictimaiyyətdə yalnış fikir formalaşdırmağa çalışır. Bəs niyə məhz bu gün? Hamının yadındadır ki, vaxtilə tutduğu vəzifədən aşağı vəzifəyə keçirildi. Onda səsini niyə çıxarmırdı? Bu gün isə dəstəsilə döymədiyi qapı, şikayət göndərmədiyi ünvan qalmayıb. Belə müraciətlər, şikayət məktubları adətən çox vaxt Masallı ziyalıları adından ünvanlanır, guya onların mövqeyi kimi göstərilir. Lakin Məmmədağa Eynullayevin çoxsaylı ziyalılar adından danışmağa mənəvi haqqı yoxdur” deyə qeyd edilir.

Eynullayevin və rəhbərlik etdiyi qurumun, əsasən Masallıdakı iqtisadi, sosial problemləri, ictimai bəlaları qabartmasını və rayon rəhbərliyini tənqid etməsini nəzərə alsaq, sözügedən müraciətin məhz Masallı İcra Hakimiyyəti tərəfindən hazırlandığına və ya sifariş edildiyinə şübhə yeri qalmır.

Maraqlıdır ki, bundan əvvəl Qubada problemlərin qabardılmasına kəskin reaksiya ilə dolu bəyanat yayılıb. Ölkə mətbuatının yazdığına görə, Qubadan “bir qrup ziyalı, professor, müəllim” adından mətbuata şəhərin icra başçısının müdafiə edən müraciət göndərilib. Həmin müraciətdə deyilirdi ki, prezidentin məlum müşavirədəki sərt, kəskin tənqidlərinin, xəbərdarlıqlarının başçıya “heç bir dəxli yoxdur”. Mətbuat haqlı olaraq yazır ki, bu, kifayət qədər iddialı, mərkəzi hakimiyyətin kursuna zidd və onun iradəsinə qarşı demarş sayıla biləcək davranış idi. Necə ola bilərdi ki, bütün hakimiyyət komandasına ünvanlanmış tənqidi çıxışın sosial narazılığın ən çox yayıldığı şəhərlərdən birinin başçısına dəxli olmasın və üstəlik, o, “bu tənqidlərin ona dəxli olmadığı haqda” məktub yazdırsın?

Masallı və Quba nümunələrindən belə görünür ki, artıq bəzi rayon və şəhər icra hakimiyyətlərinin başçısı ölkə rəhbərliyinin onların qarşısında qoyduğu tələb və vəzifələrdən irəli gələn işləri həyata keçirmək əvəzinə, özlərini müdafiə taktikasına keçiblər: nəzarətlərindəki «ziyalıları, tanınmış ictimaiyyət nümayəndələrini» hərəkətə keçirərək, onlar vasitəsilə özlərini mədh etdirən, barələrində səslənən ittihamları puça çıxarmağa çalışan müraciətlərin, bəyanatların hazırlanmasına start veriblər. Əgər qarşıdakı günlərdə daha bir neçə icra başçısının oxşar taktikaya əl atmasını eşitsək, təəccüblənmərik.

Bunların yaratmağa çalışdıqları ictimai rəy belədir: biz qüsursuzuq, bizi tənqid edən mətbuat orqanları və qeyri-hökumət qurumları düşmən dəyirmanına su tökməklə məşğuldur, mərkəzi hakimiyyətin tənqidlərinin ünvanı biz deyilik, rəhbərlik etdiyimiz rayonun, şəhərin sakinlərinin bizdən narazılığı yoxdur, bir sözlə, biz “süddən çıxmış ağ qaşıq”ıq.

Amma belə icra hakimiyyəti rəhbərləri unutmamalıdırlar ki, özlərini təmizə çıxarmaq, müdafiə etdirmək üçün «zəhmətkeş məktubları» təşkil etmək, «ziyalı bəyanatları» imzalatdırıb, yaymaq əks effekt də verə bilər. Mərkəzi hakimiyyətə qarşı meydan oxumaq təsəvvürü yaradan bu cür saxta kampaniyaçılıq nəticəsində qaş qayırdığınız yerdə vurub göz çıxarmaq ehtimalı var.

Ona görə də özünüzü «aydan arı, sudan duru» göstərən müraciətlər, bəyanatlar hazırlatdırıb yaymaqdansa, tənqidlərdən nəticə çıxarın. Yəni sözdən işə keçin.