Ağcabədi sakini  icra başçısı Şahin Məmmədovdan Prezidentə dad etdi

Həsənov Yunis: “Ağcabədi şəhərində aparılan təmir-abadlıq işləri üçün şəxsi vəsaitimdən 70 min manata qədər pul xərcləmişəm”

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 12 fevral 2013-cü il tarixdə regionların inkişafına həsr edilmiş müşavirədəki çıxışı ölkənin əksər məmurlarını ciddi şəkildə təşvişə saldı. Bu çıxış cəmiyyət tərəfindən də yüksək səviyyədə qarşılandı. Prezidentin süründürməçiliklə, rüşvətxorluqla məşğul olan və bununla da iqtidarla cəmiyyət arasında uçurum yaratmağa cəhd edən bəzi məmurlara ünvanladığı kəskin replikalar əhali tərəfindən rəğbətlə qarşılanmaqla bərabər başqa bir tendensiyaya da yol açdı.

Belə ki sözügedən məmurların haqsız yerə incitdiyi, haqqını tapdaladığı, bu və ya digər formada mülklərini əllərindən aldığı və yaxud əsassız şəkildə işdən çıxartdığı vətəndaşlar hərəkətə keçdilər.

Bu aktivliyin timsalı kimi bir çox vətəndaşlarımız “Unikal”ın redaksiyasına da üz tutublar və onların dərd-sərini qəzetmizin səhifələrində işıqlandırmışıq.

Ağcabədi rayonunda haqqı tapdalanmış Həsənov Yunis Sədi oğlu da dünən redaksiyamızı ziyarət etdi və bildirdi ki, rayonun icra başçısı Şahin Məmmədovun onu qanunsuz şəkildə işdən azad etməsi barədə Prezident İlahm Əliyevə teleqram göndərib.

Yunis Həsənov bizdən xahiş etdi ki, onun teleqramını olduğu kimi qəzetimizin səhifələrində yerləşdirək...

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri İlham Əliyev cənablarına
Ağcabədi şəhəri, 20 Yanvar küçəsi, mənzil 42-nin sakini Həsənov Yunis Sədi oğlundan

“Hörmətli Cənab prezident, aşağıda yazacaqlarıma görə xəcalət çəkirəm. Özüm ali təhsilli fizika müəllimiyəm. 53 yaşım var. Ağcabədi rayonunda təhsilin bütün sahələrində çalışmışam. Azərbaycan Müəllimlər İnstitutunun Ağcabədi filialındakı fizika-riyaziyyat və onların tədrisi metodikası kafedrasında uzun müddət müəllim işləmişəm. Həmin institutda metodist, baş müəllim, kabinə müdiri, iki fakültənin dekanı vəzifəsində çalışmışam. Müəllimliyim institutda saxlanılmaqla 2009-cu ilin avqustunda Ağcabədi rayonundakı Nəcəf Allahverdiyev adına peşə məktəbinə direktor təyin edilmişəm. Direktor vəzifəsində çalışarkən Ağcabədi şəhərində aparılan təmir-abadlıq işlərində fəal şəkildə iştirak etmişəm. Heydər Əliyev adına prospektin, Üzeyir Hacıbəyov adına prospektin, Faiq Əlizadə və Səməd Vurğun adına küçələrin abadlaşdırılması üçün şəxsi vəsaitimdən 70 min manata qədər pul xərcləmişəm.
2012-ci ilin iyun ayında Ağcabədidə hal-hazırda tikintisi davam edən Yeni Azərbaycan Partiyasının Ağcabədi Rayon Təşkilatının və rayon İcra Hakimiyyətinin binasının həyətində tikilən qonaq evinin tikintisinə görə rayonun icra başçısı Şahin Məmmədov tərəfindən məndən əlavə 20 min manat pul tələb olundu. Bu məbləği vermək imkanında olmadığımı bildirdim. Bunun nəticəsi olaraq 18 iyun 2012-ci il tarixdə Şahin Məmmədov onun adına və təhsil naziri Misir Mərdanovun adına ərizə yazmaqla işdən çıxmağımı tələb etdi. Mən onun tələb etdiyi ərizələri yazdım. 16 iyul 2012-ci il tarixdən Şahin Məmmədovun təqdimatı əsasında təhsil naziri mənim tutduğum vəzifədən azad edilməyim barədə əmr imzaladı.

İşdən çıxardılandan sonra rayon İcra Hakimiyyətinin şöbə müdiri Babayev Qurban mənə telefon açaraq 82 saylı Ağcabədi Dairə Seçki Komissiyasının 1 saylı seçki məntəqəsinin sədri vəzifəsindən azad olunmağım üçün Dairə Seçki Komissiyasına gedib ərizə verməyimi təkidlə tələb etdi. Mən komissiyaya gedib ərizəmi vermişəm. O postdan azad edilib-edilməməyimdən məlumatım yoxdur.

Ailə başçısı olmağıma baxmayaraq bu günə qədər işsizəm. Dəfələrlə rayon İcra Hakimiyyətinə işə düzəlməklə bağlı müraciət etsəm də, nəticəsi olmayıb. Və onların təklif etdikləri işlər mənim ixtisasıma uyğun deyil.

İşləmədiyimə görə dörd aydır ki, yaşadığım evin kommunal xərclərini ödəyə bilmirəm. Qohumlarımdan aldığım borc pulları qaytara bilmədiyimə görə ailəm dağılmaq üzrədir.

Sizdən çox xahiş edirəm ki, mənə köməklik edəsiniz.

Bu müraciəti Sizin 12 fevral 2013-cü il tarixdə keçirtdiyiniz müşavirədəki çıxışınızdan ruhlanıb Sizə ünvanlayıram.

Dəyərli vaxtınızı aldığıma görə Sizdən üzr istəyirəm. (“Unikal” qəzeti)