Azərbaycan ailələrinin çətin sualı
Azərbaycan ailələrinin çətin sualı
Qadın gedib işləsin, bəs uşağa kim baxsın?

Uşaq dünyaya gəldikdən sonra analara verilən analıq məzuniyyətindən yəqin ki, hər bir kəsin xəbəri var. Lakin analarla yanaşı, artıq bir çox ölkələrdə olduğu kimi, Azərbaycanda da kişilər uşaq dünyaya gəldikdən sonra məzuniyyətə çıxa bilərlər. Yəni kişilərlə qadınların hüquqları bərabər olduğundan, məzuniyyətə çıxma şərtləri də eyni olmalıdır.
Lakin bir çox bəylərimiz bunu başa düşmədiklərini deyirlər. Misal üçün, həmsöhbətimiz 22 yaşlı Vüqar Allahyarov "ac qalsa da" belə bir şeyə icazə verməyəcəyini deyir: "Əsl kişi həyat yoldaşını işlədib, özü evdə dayəlik etməməlidir. Evi kişi dolandırır, qadın yox. Əgər biz 21-ci əsrdə yaşayırıqsa, bu, o demək deyil ki, məni həyat yoldaşım saxlamalıdır. Şəxsən mən ac qalsam da, belə bir şeyə yol vermərəm".

"Ailədə qadın kişidən çox qazanırsa,
kişi məzuniyyətə çıxır"

Bəs görəsən Azərbaycanda kişilər uşaq dünyaya gəldikdən sonra məzuniyyətə çıxırlarmı? Bu sualı Milli Məclisin Sosial siyasət komitəsinin sədr müavini Musa Quliyev, psixoloq Sevinc Allahyarova və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Hüquq şöbəsinin müdiri Taliyə İbrahimova cavablandırdı.
"Bizim qanunvericiliydə kişilərə uşağa baxmaq üçün məzuniyyət verilir. Yəni bu, bizim qanunda, Ailə Məcəlləsində öz əksini tapıb. Lakin sadəcə olaraq, istifadə olunmur, çünki bizim mentalitetə uyğun deyil. Ola bilər ki, valideyinlərdən biri uşaq dünyaya gəldikdən sonra üç yaşına qədər ona baxa bilsin. İstər ana olsun, istərsə də, ata. Ola bilsin ki, ailədə qadın kişidən daha çox qazanır, böyük bir biznesin başında durur, bu halda kişi oturur evdə, qadın gedib işləyir. Sadəcə, bizdə milli mentalitet buna imkan vermir. Çünki evi dolandıran bəylərimizdir. Hər bir kəs bunu belə qəbul edib. Kişi qazanır, evə baxır, bütün xərcləri ödəyir. Bizdə kişilərimizin məzuniyyətə çıxması qeyri-adi hal kimi görünür ", - Musa Quliyev dedi.

"Azərbaycanda bu qanuna
riayət edən az kişi tapılar"

Psixoloq Sevinc Allahyarova isə kişilərin uşağa baxmaq üçün məzuniyyətə çıxmasının mümkünsüz olduğunu bildirdi: "Bizim ölkədə bu qanuna riayət etmək mümkün deyil. Belə bir şeyə heç bir kişi razılaşmaz. Bu, cəmiyyətdə qəbul edilməz axı, kişilər də belə bir şey etsinlər. Düzdür, kişilərlə qadınların hüquqları bərabərdir. Lakin bu, o demək deyil ki, qadın gedib işləsin, kişi də evdə oturub uşaqa baxsın. Digər ölkələrdə bunu başa düşmək olar. Lakin Azərbaycanda bunu təsəvvür etmək mümkün deyil. Mən əminəm ki, belə bir məqamın qanunvericilikdə olduğundan kişilərimizin əksəriyyəti xəbərsizdirlər. Gələcəkdə, ola bilər, bəylərimizin arasında məzuniyyətə çıxan da olsun, lakin bu, 25-30 yaşlı bəylərimiz arasında olar. Çünki kişilər yaşa dolduqca, milli mentalitetə daha çox dəyər verirlər. Unutmaq lazım deyil ki, biz müsəlman cəmiyyətində yaşayırıq və bizdə belə bir qanuna riayət edən kişi az tapılar".

"Belə bəylərimizə bir az pis baxırlar"

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Hüquq şöbəsinin müdiri Taliyə İbrahimova isə kişilərin də qadınlar kimi məzuniyyətə çıxmalarının tərəfdarı olduğunu bildirdi: "Bizdə bu haqda statistika yoxdur. Lakin belə hallar olur. Yəni elə kişilərimiz var ki, uşaq dünyaya gədikdən sonra məzuniyyət götürürlər. Bu da çox normal bir haldır. Sadəcə, bizim mentalitetə görə qəbul olunmur. Belə bəylərimizə də cəmiyyətdə bir az pis baxırlar. Beynəlxalq Əmək Təşkilatının bu məsələ ilə bağlı konvensiyası da var. Bizdə də, Əmək Məcəlləsi ona uyğunlaşdırılmışdır. Bu qanun beynəlxalq standartlara uyğundur. Hətta xanımın hamiləliyi ilə bağlı kişilərə məzuniyyət də verilir. Bu, çox normal bir haldır. Uşağa qulluq məzuniyyətini nəinki ana-ata, hətta baba-nənə də, götürə bilər. Uşağa kim baxacaqsa, ona da məzuniyyət verilir".

"Bunun mentalitetə nə aidiyyatı var?"

Taliyə İbrahimova daha solnra deyir: "Bu gün biz deyirik ki, ailədə kişi ilə qadının hüquqları bərabərdir. Bəs niyə onda ataların məzuniyyətə çıxmalarını qəbul etmirik? Əks cinsin nümayəndəsi üçün bu, əksinə üstünlükdür. Bu imkanı qanunvericilik veribsə, bunun nəyi pisdir ki? Bunun mentalitetə nə aidiyyatı var ki?"
Komitə sözçüsü onu da bildirib ki, elə olurana dünyasını dəyişir və uşağa ata tək baxmalı olur: "Buna ki biz çox normal yanaşırıq. Deməli, kişilərimizin uşaqların qayğısına qalmaq məqsədi ilə məzuniyyət götürmələrinə də normal yanaşmalıyıq. Düzdür, bizə kişilərin ancaq özəl sektorda məzuniyyətə çıxması məlumdur. Qadının qazancı çox olduğundan o işləməyə davam edir, kişi isə uşağa baxmalı olur. Bu, çox yaxşı bir haldır".
Türkan Nadirqızı