Belarusun Dövlət Sərhəd Komitəsi bildirib ki, respublika iyulun 1-dən dekabrın 31-dək Polşa vətəndaşları üçün vizasız girişin tətbiqi barədə qərar qəbul edib.

"Unikal" xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Komitə qeyd edib ki, bu qərarı Belarus prezidenti Aleksandr Lukaşenko mehriban qonşuluq münasibətlərini qorumaq məqsədilə verib. Polşa vətəndaşları üçün vizasız giriş proseduru iyulun 1-i saat 00:00-dan dekabrın 31-i daxil olmaqla etibarlı olacaq.

Bundan əvvəl Belarus prezidenti Aleksandr Lukaşenko ölkə hökumətinə litvalılar və latviyalılar üçün respublika ərazisinə daxil olarkən bütün maneələri aradan qaldırmağı tapşırmışdı.

Eyni zamanda, Belarus hökumətinin qərarı ilə Latviya və Litva ilə vizasız rejimin müddəti artıq bu ilin sonuna qədər uzadılıb. Belarus hakimiyyətinin bəyanatına görə, bu tədbir “xarici vətəndaşların çoxsaylı istəkləri” fonunda həyata keçirilib.

Bundan əvvəl Silene və Paternieki sərhəd-keçid məntəqələrində avtomobil axınının xeyli artdığı məlum olub. Belə ki, latviyalılar Dövlət Təhlükəsizlik Xidmətinin və Xarici İşlər Nazirliyinin Belarus xüsusi xidmət orqanlarının fəaliyyəti ilə bağlı yüksək risklər barədə xəbərdarlıqlarına baxmayaraq, Belarusa səfərlərini davam etdirirlər.

Ramil Zeynallı