23 Oktyabr 2019
Qubanın icra başçısı Mübariz Ağayevin şöbə müdiri həbs ediləcək
Qubanın icra başçısı Mübariz Ağayevin şöbə müdiri həbs ediləcək CƏMİYYƏT 17:27 2013-02-27

Qubanın icra başçısı Mübariz Ağayevin şöbə müdiri həbs ediləcək

Quba rayonun təhsil şöbəsinin müdiri Süleyman Aslanov yaxın günlərdə tutuduğu vəzifədən azad ediləcək.
Bu barədə Unikal.org-a rayondakı mənbələrdən məlumat daxil olub. Məlumatda bildirilir ki, baş prokuror yanında korrupsiyaya qarşı mübarizə idarəsinin əməkdaşları Quba Təhsil Şöbəsində araşdırmalar aparıblar. Araşdırmalar zamanı məlum olub ki, təhsil şöbəsinin müdiri S.Aslanov rəhbərlik etdiyi qurumda bir sıra qanunsuzluqlar həyata keçirib.

Belə ki, S.Aslanov rayonda bir çox şəxsi saxta diplomla işə götürüb. Eyni zamanda, onun rəhbərlik etdiyi qurumda mənimsəmə faktlarının da olduğu aşkarlanıb. Mənbəmiz onu da qeyd edir ki, baş prokuror yanında korrupsiyaya qarşı mübarizə idarəsinin adı çəkilən qurumda araşdırma aparmasına səbəb isə S.Aslanov barədə baş prokurorluğa edilən ardıcıl şikayətlərdir.

Baş prokuror yanında korrupsiyaya qarşı mübarizə idarəsinin əməkdaşlarının yoxlamalarından dərhal sonra isə baş prokurorluqdan Quba rayon icra başçısı Mübariz Ağayevə məktub göndərilib və aşkarlanan qanunsuzluq faktları ilə bağlı ona məlumat verilib.

Mənbəmiz qeyd edir ki, yaxın günlərdə icra başçısı həmin məktubda göstərilən faktlara əsasən, S.Aslanov işdən azad edəcək. Onun tutduğu postdan uzaqlaşdırılmasından sonra həbs olunma ehtimalının da olduğu bildirilir.

Qeyd edək ki, ötənlərdə Cəlilabad rayonunda da belə bir hal yaşanmışdı və icra başçısı təhsil şöbəsinin müdirini işdən çıxarmışdı. Həmin məlumatlardan öncə də bildirilirdi ki, baş prokuror yanında korrupsiyaya qarşı mübarizə idarəsi Cəlilabad təhsil şöbəsinin fəaliyyətində yoxlamalar aparıb və icra hakimiyyəti başçısına şöbə müdirini idən azad etmək tapşırığı verib.

Onu da bildirək ki, hakimiyyətdaxili mənbələrdən aldığımız məlumatlara görə, baş prokuror yanında korrupsiyaya qarşı mübarizə idarəsinin bu şəxsləri birbaşa həbs etməməkdə məqsədi cəmiyyətdə gərginlik yaratmamaqdır. Iddia olunur ki, son günlərdə ardıcıl şəkildə bir neçə vəzifəli məmur korrupsiya ittihamı ilə həbs edildiyi üçün bu cür həbslərin sayını çoxaltmaqdan vaz keçilib. Fəaliyyətində korrupsiya faktı aşkarlanan məmurlar isə işdən azad edilməklə lokal formada cəzalandırılır.