Bakıda parkda meyit tapılıb
Bakıda parkda meyit tapılıb

Şahidlər tərəfindən bu barədə dərhal hüquq-mühafizə orqanlarına məlumat verilib

52 yaşlı Şamaxı sakininin parkın ərazisindən keçən zamanı qəfil yerə yıxılaraq dünyasını dəyişdiyi bildirilir.
Dünən təxminən saat 17.00 radələrində paytaxtın Nəsimi rayonu, Asif Məhərrəmov küçəsi, 47 saylı binanın qarşısında yerləşən parkda kişi meyiti tapılıb. Şahidlər tərəfindən bu barədə dərhal hüquq-mühafizə orqanlarına məlumat verilib.
Hadisə yerinə cəlb olunan Nəsimi Rayon Polis İdarəsi və Prokurorluğunun əməkdaşları tərəfindən meyitə baxış keçirilib. Müayinə zamanı dünyasını dəyişən şəxsin üzərində heç bir zorakılıq əlamətlərinin olmadığı müəyyən edilib. Bundan sonra isə meyit Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Nəsimi rayon şöbəsinə göndərilib.
Elə hadisə şahidləri də mərhumun parkın ərazisindən keçən zamanı qəfil yerə yıxılaraq dünyasını dəyişdiyini bildirdilər.
"Yıxılıb qalıb burada. Heç kim ona heç nə etməyib", - deyə hadisə şahidi Nəsimi Zeynalov bildirib.
İlkin araşdırmalar nəticəsində mərhumun kimliyinə də aydınlıq gətirilib. Dünyasını dəyişən şəxsin 1960-cı il təvəllüdlü Şamaxı rayon sakini Hacıyev Novruzəli Seyid oğlunun olduğu müəyyənləşdirilib.
Nəsimi Rayon Polis İdarəsi 19-cu polis bölməsindən verilən məlumata görə, mərhum qəfil baş verən ürək tutmasından sonra dünyasını dəyişib. Ölümün dəqiq səbəbləri isə ekspertizanın yekun rəyindən sonra məlum olacaq.