Avronest PA-nın həmsədri: "Qarabağ məsələsinin həllinə Rusiya mane olur"
Avronest PA-nın həmsədri: "Qarabağ məsələsinin həllinə Rusiya mane olur"

"Avronest Parlament Assambleyası Avropa Şərq Tərəfdaşlığı Proqramının qurumudur və biz yeni nəsil ticarət əlaqələrinin yaradılmasına çalışırıq".
Bunu Avronest Parlament Assambleyasının həmsədri, Avropa Parlamentinin təmsilçisi Kristian Vigenn söyləyib.
O, Dağlıq Qarabağ məsələsində Avronest Parlament Assambleyasının bir ölkəni dəstəkləyə bilməyəcəyini də bildirib: "Bizə vaxt verin ki, bu qurumun işini quraq. Biz gələcəkdə regiondakı təhdidləri, münaqişələri müzakirə edə bilərik. Biz komitələrdə müxtəlif təşəbbüsləri müzakirə edirik. Bizdə kompromis də əldə olunub. Hətta biz xüsusi ölkələrin adlarını çəkməsək belə, tövsiyyələrdə ölkələr özlərinə yönələnləri başa düşəcəklər".
Təşkilatın digər həmsədri Boys Tarasyuk isə deyib ki, eyni suallar Moldovada Dnestryanı bölgə, Gürcüstanda Abxaziya məsələsi ilə bağlı verilə bilər. O, Qarabağ münaqişəsinin həllinə Rusiyanın mane olduğuna işarə edib: "SSRİ bizə bir sıra problemləri irs qoyub. Bunların arasında Dağlıq Qarabağ problemi də var. Qarşılaşdığımız vəziyyət odur ki, Qarabağ məsələsində bir tərəfdə siyasi iradə yoxdur, digər ölkədə siyasi iradə yetərli deyil. Bir ölkə isə silahlı gücünə arxalanaraq təhdid yaradır. Mən Rusiyadan danışıram".