"Rusiyanın Ukraynaya təcavüzü nəticəsində dünyada taxıl ixracı sahəsində önəmli yerlərdən birini tutan Ukraynanın, eləcə də Rusiyanın özünün, taxılının ixracında problemlər yaranıb".

Bunu "Unikal"a açıqlamasında Təkamül Partiyasının sədri, iqtisadçı alim Teyyub Əliyev deyib.

"Bu səbəbdən də bir çox xarici ölkələrdə, eləcə də Azərbaycanda, unun və çörəyin qiymətinin artacağı barədə tez-tez fikirlər səslənir. Düzdür, Türkiyə Prezidenti hörmətli R.T.Ərdoğanın təşəbbüsü ilə Ukrayna və Rusiyanın taxılının ixracına start verilib, ancaq qiymət artımı barədə fikirlər səngimək bilmir. Dünyanın digər ölkələrində proseslərin necə gedəcəyini zaman göstərəcək. Prezident İlham Əliyev bu yaxınlarda rəsmi şəkildə bildirmişdir ki, Azərbaycanın taxıl idxalı sahəsində heç bir problemi yoxdur.

Ona görə də, hesab edirəm ki, Azərbaycanda unun və çörəyin qiymətinin artacağına dair səsləndirilən fikirlərin heç bir iqtisadi əsası yoxdur! İnhisarçı-fürsətçilərin Azərbaycanda unun və çörəyin qiymətinin artacağına dair səsləndirdikləri fikirlərin də heç bir iqtisadi əsası yoxdur. Yəni, bahalaşma xəbərdarlığı inhisarçı-fürsətçilərin növbəti oyunudur. Əvvəl ictimai fikri hazırlayırlar, sonra da istədikləri qiyməti tətbiq edirlər", - deyə o bildirib.

Ekspert onu da qeyd edib ki, Azərbaycanda qiymətlərin tənzimlənməsi ilə birbaşa məşğul olmalı olan qurumların  rəhbərləri qiymətləri artıran inhisarçı strukturların qohum-əqrabası, yaxınlarıdır. Ona görə də bu strukturlardan  qiymətlərin tənzimlənməsi sahəsində ciddi bir təşəbbüsü gözləmək küləkli havada qovrulmuş qorğa yemək kimi bir şeydir. Onun fikrincə, hökumətdə təmsil olunanların bir çoxlarının da qanuna zidd olaraq dolayı yollarla biznes fəaliyyəti ilə məşğul olduqları nəzərə alınarsa qiymət artımının qaçılmaz olacağı qənaətinə gəlmək olar.