Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov İnsan Miqreni Araşdırmaları mərkəzinin rəhbəri, Kopenhagen Universitetinin nevrologiya üzrə professoru, "YAŞAT" Fondunun Himayəçilik Şurasının üzvü  Məsud Aşinaya “Diaspor fəaliyyətində xidmətinə görə” Azərbaycan Respublikasının medalını təqdim edib. 

"Unikal" xəbər verir ki, Məsud Aşina 1965-ci ildə Azərbaycanda anadan olub. 1988-ci ildə Azərbaycan Tibb Universitetini bitirib. 2003-cü ildə Kopenhagen Universitetində nevroloq ixtisasına yiyələnib və doktorluq dissertasiyasını müdafiə edib. 

Danimarka Baş Ağrısı Dərnəyinin prezidenti, Avropa Baş Ağrısı Federasiyasının baş katibi və 2019-2021-ci illərdə Beynəlxalq Baş Ağrısı Assosiasiyasının prezidenti olub. Hal-hazırda İnsan Miqren Araşdırmaları Mərkəzinin Direktoru vəzifəsində çalışır.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin fərmanı ilə yaradılan “YAŞAT” Fondunun Himayəçilik Şurasında təmsil olunur. 

Məsud Aşina “Ən yaxşı elmi təqdimat” üzrə “Moqens Foq” mükafatı, Nevrologiyada elmi nailiyyətləri üçün Roşe mükafatı, Qlakso Smit Klayn tədqiqat mükafatı, Monrad-Krohns mükafatı və TÜBA – Beynəlxalq Akademiya Mükafatı ilə təltif olunub. 

Ötən il azərbaycanlı tibb professoru Məsud Aşina baş ağrıları sahəsində dünyanın ən məhsuldar alimi seçilib.

“Miqrenin patofiziologiyası” kitabının, beynəlxalq tibbi nəşrlərdə baş ağrıları və miqrenlə əlaqədar dərc edilmiş 400-dən çox məqalənin müəllifidir. PubMed-də (1997-2017) tam olaraq 158 qeydiyyatdan keçmiş yazısı var.