Saakaşvilidən həyacanlı çevriliş xəbərdarlıq


“Gürcüstanda baş verənləri Azərbaycanda da həyata keçirmək istəyirlər”

Gürcüstan prezidentindən şok açıqlama gəldi. “Gürcüstan və Azərbaycan Rusiyadan gələn real qeyri-sabitlik təhlükəsi ilə üz-üzədir”. Bu sözləri Azərbaycana səfərini başa vuraraq ölkəsinə qayıdan prezident Mixail Saakaşvili Tbilisi aeroportunda deyib: -“Bizi ölkənin muxtariyyətlərə parçalanması təhlükəsi gözləyir, Azərbaycanda isə gürcü ssenarisi ilə hakimiyyət çevrilişi. Rusiyada Gürcüstanın Qardabani rayonunda olan, hansısa milyarder Sadıqov tapılıb və söz verib ki, Gürcüstan azərbaycanlılarının muxtariyyatına nail olacaq. Eyni şeyi Gürcüstan hökuməti tərəfindən əfv olunan və Gürcüstan erməniləri üçün muxtariyyat vəd edən fəal Vaqan Çaxalyan da verib. Sadıqov (“AzərRos”un sabiq prezidenti Söyün Sadıqov) milyarder Vahid Ələkbərov və digərləri ilə birləşərək Gürcüstanda baş verənləri Azərbaycanda da həyata keçirmək istəyirlər. Onlar böyük pullar hesabına hakimiyyət dəyişikliyinə nail olmağa hazırlaşırlar”.

Saakaşvili Gürcüstanın yeni hökumətini dialoqa səsləyib və bildirib ki, birlikdə həll edilməsi gərəkən çox ciddi problemlər var. O, bu yaxınlarda Türkiyəyə səfər edəcəyini və regionda hökm sürən təhlükəni müzakirə edəcəyini də bildirib. Maraqlıdır, Saakaşvilinin dediyi plan nə qədər realdır və bunun qarşısını almaq mümkün olacaqmı? Ekspertlər bildirir ki, Gürcüstan prezidentinin dedikləri həqiqətdir və hazırda Rusiya bütün gücünü səfərbər edərək regionda tək söz sahibi olmağa çalışır. Çünki Rusiyanın qarşıda ciddi strateji maraqları var və bu maraqlar Azərbaycanın dövlətçilik prinsiplərinə zidd olduğundan Azərbaycan tərəfi bunların reallaşmasından imtina edib. Rusiya isə sözsüz ki, bununla razılaşmayacaq. Çünki Suriya qalasını itirən Rusiya üçün kənar forbost yalnız Qafqazdır. Bundan başqa Rusiyada “Milyarderlər ittifaqı” yaradıldı və gözlənilmədən hətta bir-birini belə qəbul etməyən milyarderlər bir təşkilatda birləşdilər. İlk anlarda bəyan edildi ki, təşkilat yalnız Rusiyadaxili proseslərlə məşğul olacaqlarını bildirdilər. Amma bir neçə gün sonra aydın oldu ki, təşkilat məhz Kreml tərəfdən yaradılıb və hansısa səbəbdən Azərbaycan hakimiyyətinin əleyhinə bəyanatlar verildi. Öncə təşkilatın üzvü və Putinin sağ əli hesab edilən Söyün Sadıqov Azərbaycan hakimiyyətini aşağılayacaq bəyanatlar verməyə başladı. Bundan sonra isə təşkilatın digər üzvü ,Rusiyaya yaxınlığı ilə seçilən Rüstəm İbrahimbəyovun silsilə bəyanatlarının şahidi olduq. Artıq heç kimdə şübhə yox idi ki, təşkilat məhz Kreml tərəfdən yaradılıb və təxminən aşağıdakı projeni reallaşdırmağa çalışırdılar.

Azərbaycanda müxalifət qüvvələrinə maliyyə buraxaraq onları sosial bazaya çevirmək
1. Yeni alternativ güc formalaşdırmaq
2. Rusiyaya sədaqətliliyi ilə seçilən birisinin seçkilərdə namizəd olaraq gündəmə gətirilməsi
3. Azərbaycanda Rusiyaya və İrana bağlılığı olan məmurlar vasitəsi ilə ölkədə sosial partlayış yaratmaq
4. Quba hadisəsi formatında bölgələrdə qarşıdurmalar yaratmaqla mərkəzdən qaçmanı təmin etmək
5. Həmçinin Azərbaycan-Gürcüstan münasibətlərinə zərbə vurmaqla regionda Azərbaycanı təkləmək

Bütün bunlar isə açıq şəkildə Azərbaycanda hakimiyyət dəyişikliyinə nail olmaq istəyini ortaya çıxarırdı. Bu gün isə artıq bu layihənin müəyyən detallarının reallaşdığını görürük.Belə ki, Quba hadisələrindən sonra “Binə” və İsmayıllı hadisələri baş verdi. Hakimiyyət daxilində isə artıq müəyyən qüvvələrin aktivləşdiyi söylənilir. Başqa tərəfdən Söyün Sadıqov açıqlama verərək “Borçalı” partiyası yaradacağını bildirdi. Bu isə açıq şəkildə Gürcüstanda yaşayan azərbaycanlıları Gürcüstan hakimiyyətinə qarşı qoymaq və bununla bir tərəfdən Azərbaycan-Gürcüstan münasibətlərində ciddi çat yaratmaq, digər tərəfdən isə Gürcüstanın özünün ərazi bütövlüyünə zərbə vurmaqdır. Saakaşvilinin dediyi xəbərdarlıqda məhz bunun məntiqi nəticəsidir. Digər tərəfdən aydın oldu ki, bir müddət öncə Söyün Sadıqova yaxın şəxslər Azərbaycan müxalifətinin bəzi simaları ilə görüş keçirərək birgə fəaliyyət göstərmə imkanlarını müzakirə etmişdilər. Amma müxalifətin tərəddüdündən sonra başqa taktikaya üstünlük verildi. Belə ki, Söyün Sadıqovla eyni təşkilatda təmsil olunan Rüstəm İbrahimbəyov aktivləşdi. Əsasən Eldar Namazovla birlikdə fəaliyyət göstərən Rüstəm İbrahimbəyov Ziyalılar İttifaqının xəti ilə müxalifətlə iş birliyi qurmağa nail oldular. Hazırda isə bu proses gedir ki, Rusiyanında maraqlarını təmin edəcək bir namizədin üzərində dayansınlar. Bunun üçün isə ortada iki mühüm plan var. Bu planlar nədən ibarətdir?
- Müxalifətin aparıcı simalarından biri ilə razılığa gəlinir, Rusiya maraqlarının gələcəkdə nəzərə alınması öhdəliyi götürülür .
- Bir başa özlərinin namizədi seçkilərə qatılır. Maraqlıdır, bəs özlərinin namizədləri kimlər ola bilər?
1. Eldar Namazov faktoru. Qeyd edək ki, Eldar Namazov nə qədər qərbyönümlü siyasətçi hesab edilsədə, bir o qədər də Rusiya ilə sıx bağlılığı var. Hətta onun Rusiya vətəndaşları ilə qohumluq əlaqələri də ortadadır. Eldar Namazov həm də Rusiyaya ona görə cəlbedici gəlir ki, o əslən qərbi azərbaycanlıdır və seçkilərdə bu toplumdan istifadə cəhdləri olacaq. Həmçinin Eldar Namazovun qərbpərəstlik imicinin də olması işə yarayacaq. Yəni hansısa məqamda Rusiya kimi, qərbdən də Eldar Namazova hansısa qüvvələr dəstək verə bilər.Həmçinin Eldar Namazovun müxalifət düşərgəsi ilə də münasibətləri yaxşıdır və hansısa müxalifət partiyasından da dəstək alması realdır.
2. Abbas Abbasov faktoru. Kremlin məqsədini həyata keçirtmək üçün ikinci ən real namizəd kimi Abbas Abbasovun adı çəkilir. Baş nazirin keçmiş birinci müavini bir sıra üstünlüklərə sahibdir. İlk növbədə o kifayət qədər sərvətə sahibdir və seçki prosesinə milyonlar xərçləməklə müəyyən nəticələrə nail ola bilər. Digər tərəfdən Abbas Abbasovun mövcud hakimiyyət içində də ciddi dayaqları var və bu dayaqları hərəkətə gətirməklə hakimiyyət üçün çıxılmaz vəziyyətlər yarada bilər. Bu arada aydın olub ki, indinin özündə Abbas Abbasov müxalifətdə təmsil olunan iki partiyaya bir başa maliyyə ayrır və onların da imkanlarından yararlanacaq.
Millət vəkili Eldar İbrahimovda hesab edir ki, Saakaşvilinin dediklərində həqiqət var:-“

O bilir nə deyir. Bir məsələni də qeyd etmək istəyirəm ki, tarixdən üzü bəri hər hansı bir ölkədə dövlət çevrilişi etmək istəyənlərin o ölkədə güclü bazası olub. Buna diqqət edin: Azərbaycanda Söyün Sadıqov adlı bir şəxsi tanıyan varmı? Vahid Ələkbərovu tanıyan varmı? Bu məsələyə inanmıram. Əgər insanlar onları tanımırlarsa, demək onları bir nəfər belə, müdafiə etməyəcək. Amma hesab edirəm ki, Saakaşvili bu açıqlaması ilə Azərbaycana yaxşılıq etdi. İnsanları bir daha ayıltdı. Azərbaycan xalqı prezidentin ətrafında daha da sıx birləşəcək”.

Politoloq Vəfa Quluzadə isə bildirir ki, bu gün Azərbaycana qarşı belə addımların atılması gözləniləndir:-“Azərbaycanda vəziyyət olduqca ziddiyətlidir. Amma buna baxmayaraq ölkədə vəziyyət Azərbaycan hakimiyyətinin tam nəzarətindədir. Rusiyanın Azərbaycanda çevriliş eləməsi mənim fikrimcə, mümkün deyil. Bütün məsələlər Azərbaycandakı daxili vəziyyətdən aslıdır. Azərbaycanda daxili vəziyyətdə stabillik pozularsa, onda bu vəziyyətdən təkcə Rusiya deyil, hamı istifadə etməyə çalışacaq. Rusiya da buna cəhd edəcək, İran da. Eyni zamanda bu baş verməsin deyə Amerika və Türkiyə çox ayıq olmalıdır. Azərbaycanın milli qüvvələri, iqtidar da hamısı bir yerdə bu cür variantın həyata keçməsinin qarşısını almaq barədə düşünməlidir”.Beləliklə gördüyünüz kimi durum həqiqətəndə Saakaşvilinin dediyi kimidir və Azərbaycan istənilən halda qabaqlayıcı addımlar atmalıdır. (“Unikal” qəzeti)