Rayon rəhbərlərindən narazılıq artır
Rayon rəhbərlərindən narazılıq artır

Aran bölgəsi fitili çəkilmiş bombaya çevrilib, Biləsuvarda isə sahibkarlarla kəndlilər etiraza hazırlaşır

Əyalətlərdə davamlı olaraq baş qaldıran narazılıqlar yeni formatda qabarır. Bir tərəfdə aksiyalar keçirən əhali, digər rayonlarda isə bunun üçün hazırlıq görürlər. İcra başçılarının yarıtmaz fəaliyyətinin nəticəsi olaraq üzə çıxan problemlərin həlli üçün isə əhali başqa yol görmür.

Aranda vəziyyət gərgin
olaraq qalır

Bildirək ki, hal hazırda gərginliyin episentri Aran bölgəsi hesab olunur. Belə ki, Saatlının bir neçə kəndinin əhalisi ayağa qalxaraq, yerli icra nümayəndələrinin dəyişdirilməsini, Kür daşqınlarından əziyyət çəkənlərin problemlərinin həllini tələb edirlər.
İndiyə qədər bir neçə kəndin sakinləri bununla bağlı aksiya keçirib və hər an yürüşlər başlaya bilər. Rayonlardan aldığımız məlumata görə, Sabirabadda da vəziyyət eynidir və orada aksiya keçirilməsi üçün təbliğatlar aparılır. Rayon rəhbərliyi isə bu insanların qarşısına çıxaraq, onları dinləmək əvəzinə, onların üzərinə polis göndərməyə hazırlaşır. Sakinlər isə bildirirlər ki, bu şəkildə davam edərsə, onların qarşısını nə polis, nə də başqa bir qüvvə ala bilməyəcək. Çünki onlar bütün qüvvələri ilə tələblərinin yerinə yetirilməsini reallaşdıracaqlar.
Zərdabda da rayon İcra Hakimiyyətinin başçısından narazılıq durmadan artır. Bir müddət əvvəl sahibkarların dükanlarının qarşısına divar hördürən icra başçısı artıq onların qəzəbinə tuş gəlib. Eyni zamanda, sosial vəziyyətin ağırlığı da əhalinin digər təbəqəsini hərəkətə gətirib. Ötən günlərdə keçirilən aksiyaların yenidən təkrarlanacağı gözləntisi var.

Biləsuvarda sahibkarlar
etiraza hazırlaşır

Biləsuvarda da vəziyyət gərgin olaraq qalır. Hələ bir müddət əvvəl rayonun icra başçısı Mahir Quliyevin həyata keçirdiyi "yenidənqurma" işləri nəticəsində yol kənarındakı bütün dükanlar hasarların arxasında qalmalı olmuşdu. Bununla bağlı sahibkarlara ciddi ziyan dəydiyindən onlar bu hasarların sökülməsini tələb etmişdilər. Lakin icra başçısı onların tələblərini dinləməyib.
Dünən aldığımız məlumata görə, Mahir Quliyevin adamları Biləsuvardakı sahibkarlarla danışıqlara başlayaraq, onlardan pul tələb edib. İddialara görə, dükanlarının qarşısında hasar olmamasını istəyən sahibkarlar bunun üçün 2000 manatlarından keçməlidirlər. Bu tələbi bilən dükan sahibləri isə bir araya gələrək, qərara etiraz etməyə başlayıblar.
Mənbə bildirir ki, yaxın günlərdə bununla bağlı sahibkarlar Biləsuvar rayon İcra Hakimiyyətinin binası qarşısına toplaşaraq, aksiya keçirəcəklər. Onlar Mahir Quliyevdən yaranmış problemin aradan qaldırılmasını tələb edəcəklər.
Maraqlı məqam odur ki, bu rayonda təkcə sahibkarlar deyil, həmçinin bir neçə kəndin sakinləri də aksiya keçirməkdə qərarlıdırlar. Buna səbəb isə onların torpaq sahələrinin müəmmalı şəkildə əllərindən alınmasıdır. Mənbə bildirir ki, kəndlilər artıq bununla bağlı bir neçə dəfə yerli icra nümayəndəsinə xəbərdarlıq ediblər. Amma onların tələbləri yerinə yetirilməyib. Bundan sonra isə qərara alıblar ki, onların haqları olan torpaqların geri qaytarılmasını tələb etmək üçün aksiya keçirsinlər. Hətta belə bir məlumat da var ki, Biləsuvarda sahibkarlarla torpaqlarını itirmiş kəndlilərin aksiyası eyni gündə keçiriləcək.
Bütün evlərin şiferli dam örtükləri dəyişdiriləcək

Azərbaycanda evlərin, sosial obyektlərin asbest şiferli dam örtükləri dəyişdiriləcək. Bununla bağlı Azərbaycan Nazirlər Kabineti (NK) yerli icra hakimiyyəti orqanlarına xidməti məktub göndərib. Artıq Kürdəmir, Ağsu, Göyçay, Şamaxı, Ucar rayonlarında damı asbest şiferlə örtülmüş fərdi yaşayış evlərinin, sosial obyektlərin dəqiq sayının müəyyən edilməsi üçün siyahıya alma işləri görülür.
Kürdəmir rayon icra hakimiyyəti başçısının birinci müavini, rayon fövqəladə hallar komissiyasının sədri Vasif Məmmədov bildirib ki, artıq bir neçə gündür asbest örtüklü evlərin siyahıya alınması və onların dam örtüklərində ölçü işləri aparılır: "Kürdəmir şəhərində və 61 kənddə asbest örtüklü evlərin dəqiq sayı yaxın bir həftə ərzində məlum olacaq. Niyə məhz asbest örtüklü evlərin qeydiyyata alınmasının dəqiq səbəbini bilmirik. Ola bilsin ki, həmin materiallar insan sağlamlığı üçün ziyanlıdır. Amma dam örtüklərinin dəyişdiriləcəyi və ya bununla bağlı vətəndaşlara hansı yardımların veriləcəyi barədə məlumatımız yoxdur. Sadəcə belə evləri siyahıya alırıq və dam örtüklərinin eni və uzunluğu ölçülərək neçə kvadrat olduğu müəyyənləşdirilir".
Ağsu rayon İcra Hakimiyyəti başçısının müavini, rayon fövqəladə hallar komissiyasının sədri İqbal Mikayılov bildirib ki, rayon mərkəzində və 78 kənddə siyahıya alma və ölçü işləri aparılır. O, hazırda Nazirlər Kabinetinin xidməti məktubuna əsasən bu istiqamətdə verilən tapşırığın icra olunduğunu və bunun səbəbinin açıqlanmadığını bildirib.
Ucar rayonunda da asbest şiferli tikililərin siyahıya alınmasına başlanıb. Ucar rayon icra hakiminin birinci müavini, rayon fövqəladə hallar komissiyasının sədri Əbil Mehdiyevin verdiyi məlumata görə, Nazirlər Kabinetinin göstərişinə əsasən, rayonda dam örtüyü asbest şiferdən olan bütün tikililərin aprel 1-dən siyahıya alınmasına başlanıb. Siyahıya alınma yerli icra nümayəndəlikləri tərəfindən aparılır və prosesin ayın 7-nə kimi başa çatdırılması nəzərdə tutulur.
Hökumətdəki mənbələrdən verilən məlumata görə, asbest örtüklü damların dəyişdirilməsi məsələsi həqiqətən də gündəmdədir. Lakin hələlik bununla bağlı hökumətin rəsmi qərarı yoxdur, sadəcə ilkin təhlillər və araşdırmalar aparılır. Məlumata əsasən, bu layihə kifayət qədər böyük vəsait tələb edir. Amma Azərbaycanın qoşulduğu beynəlxalq konvensiyalar, o cümlədən Avropa Sosial Xartiyası qarşısında müəyyən öhdəlikləri var. Mənbə onu da bildirib ki, artıq respublikada asbest şiferlərin istehsalı aparılmır.
Cavid Qarabağlı