ABŞ-ın Pensilvaniya ştatında uşaq bağçasında dəm qazının sızması nəticəsində 25-i uşaq və 8-i işçi olmaqla ümumilikdə 33 nəfər xəstəxanaya yerləşdirilib.

"Unikal" xəbər verir ki, ABŞ-ın Pensilvaniya ştatının Allentown şəhərindəki “Happy Smiles” uşaq bağçasında dəm qazı sızması baş verib.

Səhər saatlarında birdən çox uşaqda zəhərlənmə əlamətləri göründükdən sonra çoxlu sayda təcili yardım və yanğınsöndürənlər uşaq bağçasına göndərilib. Rəsmilər 25-i uşaq, 8-i şəxsi heyət olmaqla ümumilikdə 33 nəfərin xəstəxanaya yerləşdirildiyini və xəstəxanaya yerləşdirilənlərin əksəriyyətinin səhhətinin stabil olduğunu bildirib. Allentown Yanğınsöndürmə İdarəsindən Con Kristofer, "Bu, əvvəlcə huşunu itirmiş bir uşaq üçün tibbi çağırış idi" deyib. Bildirilib ki, yanğınsöndürmə briqadası və tibb qrupları yüksək səviyyədə dəm qazı aşkar etdikdən sonra hadisə yerinə çoxlu sayda qruplar göndərilib. Uşaq bağçasının təcrid olunmuş bina olduğu və bu səbəbdən sızmanın daha da yayılma riskinin olmadığı bildirilib.

Yerli media sızmanın istilik qurğusunun nasazlığı və havalandırma sisteminin tıxanması nəticəsində baş verdiyini yazsa da, hələlik sızma ilə bağlı rəsmi açıqlama verilməyib.