"Finlandiyanın NATO-ya üzvlüyü ilə bağlı prosesin inkişafı Türkiyə Prezidenti Ərdoğan və onun fikirlərindən asılıdır”.

"Unikal" xəbər verir ki, bunu Finlandiyanın xarici işlər naziri Pekka Haavisto yerli telekanala deyib.

Finlandiyanın üzvlük prosesi tamamlanmadan NATO-nun mühüm üzvlərindən dəstək aldığını deyən Haavisto, “hələ NATO üzvü olmasaq da, Finlandiya təhdid olacağı təqdirdə tərəfdaşlarımızdan kömək alacağımıza inanıram", - deyə əlavə edib.
Haavisto Finlandiyanın NATO-ya üzv olması üçün Türkiyə və Macarıstanla danışıqların hələ davam etdiyini və Finlandiyanın müraciətinin Macarıstan parlamentində müzakirə edildiyini bildirib.
XİN başçısı iyun ayında Madrid sammitində Türkiyə, İsveç və Finlandiya arasında başlayan danışıqların da yaxşı getdiyini deyib: “Rəsmi səviyyədə yaxşı bir atmosfer var, amma əlbəttə ki, məsələnin siyasi tərəfi də var. Prosesin inkişafı Prezident Ərdoğan və onun fikirlərindən asılıdır”, o deyib.
Haavisto Ərdoğanın Finlandiya və İsveçin müraciətlərini ayrı-ayrılıqda qiymətləndirdiyini, digər tərəfdən isə iki ölkənin NATO-ya eyni anda üzv olmasının çox vacib olduğunu vurğulayıb.

Qeyd edək ki, NATO-ya üzv 30 ölkədən 28-i Finlandiya və İsveçin alyansa üzvlük protokollarını ratifikasiya edib.