Səfər


Orduda nazirlə bağlı yekdil, ortaq müsbət rəy mövqe olsaydı, kimlərsə nazirlə belə uzunmüddətli mübarizə apara bilərdilərmi?

Son günlər orduda əsgər ölümləri müdafiə naziri Səfər Əbiyevi yenidən hədəfə gətirib. Nazir artıq nəinki müxalif və müstəqil mediada, hətta iqtidaryönlü bəzi KİV-lərdə də tənqid atəşinə tutulur. Bundan başqa, onun ordunun zabitlərini öz müdafiəsi üçün bəyanat kampaniyasına cəlb etməsi və bunun başda Siyavuş Novruzov olmaqla əksər iqtidar deputatları tərəfindən sərt dildə tənqid olunması, ardınca həmin müdafiə kampaniyasının dayandırılması da Əbiyevin iqtidar daxilində artıq tam təkləndiyini deməyə əsas verir.

Məsələ bununla da bitmir, bir neçə gün əvvəl məlumat yayıldı ki, hələ bir ay bundan öncə Bərdə korpusunun tərkibinə daxil olan bütün hərbi hissələrin Maliyyə Xidmətləri rəisləri həbs edilib. «Söhbət 1 milyon manata qədər maliyyə vəsaitinin mənimsənilməsindən gedir. Nə üçünsə bu faktlar barədə Müdafiə Nazirliyi tərəfindən indiyədək açıqlamalar verilməyib» deyə xəbərlər ortaya çıxdıqdan sonra da Əbiyevin nazirliyinin öz susqunluğunu qoruması yayılan iddianın doğruluğuna inamı artırdı.

Bir sözlə, müdafiə naziri dörd tərəfdən faktiki olaraq tənqid və ittiham atəşi altındadır. Hətta zaman-zaman Müdafiə Nazirliyi və Səfər Əbiyev barədə daha çox qoruyucu motivlərdə danışanların da səsi gəlmir. Bu, belə bir qənaətlə çıxış etməyə imkan verir ki, müdafiə naziri iqtidar daxilində tək qoyulub və hakimiyyət içində ona cəbhəboyu müharibə elan olunub.

Bəs Əbiyevə qarşı bu genişmiqyaslı «vurulma» əməliyyatının hədəfi nədir? Mövzu ilə bağlı danışan ekspertin sözlərinə görə, tənqidçilərin əlinə bir çox hallarda danışmaq üçün bəhanəni müdafiə nazirinin özü verir: «İlin ilk iki ayında orduda 15 əsgər həlak olub və onların hamısı məhz qeyri-döyüş şəraitində dünyasını dəyişib. Orduda korrupsiya və başıpozuqluq bütün bu əsgər itkilərinin əsas səbəbləridir. Müdafiə naziri Silahlı Qüvvələrdəki belə bir anormal durumu qaydasına qoymaq üçün heç bir radikal, köklü dəyişikliklər etmir, tədbirlər görmür. Bu isə həm cəmiyyətdə haqlı narazılıq, həm də Səfər Əbiyevin «vurulmasında» maraqlı olan iqtidariçi çevrələr üçün əsaslar yaradır».

Ekspertin düşüncəsinə görə, proseslərdən belə başa düşmək olar ki, iqtidarda bir və ya daha çox cinah müdafiə nazirinin prezident seçkisinədək tamamilə sarsıdılmasında maraqlıdır. «Seçkidən sonra yeni hökumət formalaşdırmalıdır və görünür kimlərsə, Əbiyevi yenidən müdafiə naziri postunda görmək istəmədikləri üçün onu indidən tam zəif duruma salmaq istəyirlər. Belələrinə Müdafiə Nazirliyinin özündən də dəstək verildiyinə inanıram. Ordu sistemində nazirdən narazı olan yetərincə nüfuzlu və yüksək çinli şəxslər var. Onlar Səfər Əbiyevlə gizli qarşıdurmadadırlar və müdafiə nazirinin devrilməsində maraqlı olan gizli siyasi güclərə dəstək verdikləri aydındır. Mən inanmıram ki, ordu sistemində nazirlə bağlı yekdil müsbət rəy və pozitiv mövqe olsaydı, kimlərsə nazirlə belə uzunmüddətli nüfuz savaşı aparmağa cəsarət edərdilər».

Səfər Əbiyevə qarşı savaşda məhz ordudaxili anti-Əbiyevçilərin gücü sayəsində müdafiə nazirini zərərsizləşdirmə kampaniyasının bütün gücü ilə davam etdiyinə diqqət çəkən mənbə, artıq get-gedə formalaşan bir qənaətə də toxundu: «Açığı, artıq cəmiyyətdə daha çox adam müdafiə nazirinin görəvdən alına biləcəyinə inanmağa başlayır. Eyni əhval-ruhiyyə Müdafiə Nazirliyi sistemində də var. Bu isə get-gedə nazirə qarşı çevrilənlərin sayının artması ilə müşahidə olunacaq. Bu da başa düşüləndir. Nəzərə alaq ki, heç kim belə bir ağır vəziyyətdə Səfər Əbiyev üçün sinəsini sipər edib, gələcək karyerasını şübhə altına almaq, yeni ordu rəhbərliyi zamanında «Əbiyevçi» damğası ilə «varulmasına» əsas yaradacaq addımlar atmaq istəməz».

Bu yazını hazırlayarkən məlumat gəldi ki, Milli Məclisin dünənki iclasında son vaxtlar əsgər ölümlərinə dair faktların artmasına ciddi etirazlar səsləndirilib. Bəzi millət vəkilləri, başda Qənirə Paşayeva olmaqla, orduda əsgər ölümləri ilə bağlı cəmiyyətdə ciddi narazılıqların yaranmasından, orduda intihar hadisələrinin artmasından narahat olduqlarını buldiriblər. Millət vəkilləri Müdafiə Nazirliyinin rəhbərliyindən Milli Məclisə hesabat verməyi tələb ediblər.

Artıq məsələ ölkənin ən ali tribunasında belə açıq və kəskin müzakirə edilməyə başlanıbsa, artıq Səfər Əbiyevlə bağlı proseslərin sonluğunu proqnozlaşdırmaq çətin deyil. Deyəsən, müdafiə naziri doğrudan da, yol üstədir…