Musa Ağamalıyev özünə imperiya qurub

Nazirlikdə hər adam ona söz deyə bilmir

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə bağlı şikayətlər günbəgün artmaqdadır. Hazırda əhalinin ən çox narazı qaldığı nazirliklərdən biri Təhsil Nazirliyidirsə, digəri də məhz bu nazirlikdir. Hətta narazılıqlarla bağlı nazir Füzuli Ələkbərova dəfələrlə xəbərdarlıq edilib, bir neçə əməkdaşı isə korrupsiya və rüşvətə görə həbs edilib. Amma bunun hələ ki, heç bir nəticəsi yoxdur. Əksinə, nazirliyin bəzi rayon şöbələrində durum daha da ağırlaşıb. Bu isə ondan irəli gəlir ki, ya nazirlik idarəetmə imkanlarını itirib, ya da ortada hansısa razılaşma var.
Son günlər narazılıqların daha çox artdığı yerlərdən biri də Nizami rayon Sosial Müdafiə Mərkəzidir. Əhaliyə xidmətin həddindən artıq aşağı düşməsi, sosial təminatların aylarla ləngidilməsi, əhalidən gərəksiz sənədlərin tələb edilməsi və bürokratik mühitin yaradılması bu mərkəzdə adi hala çevrilib. Ən maraqlısı isə budur ki, mərkəzin direktoru Musa Ağamalıyev bir müddət əvvəl təyin edilib və vətəndaşlar onun fəaliyyətinə ümidli idi.

Amma gözləntilər tam əksinə oldu. Musa Ağamalıyev özündən öncəki müdirin atasına rəhmət oxutdura bildi. Çünki bütün problemlər yerində qaldı və üzərinə Musa Ağamalıyevin kobudluğu da əlavə olundu. Bildirilir ki, Musa Ağamalıyev demək olar ki, heç kimi saya salmır və maraq olmadan heç bir işin icrasına razılıq vermir. Hətta ölkədə aparılan korrupsiyaya qarşı mübarizə də onu narahat etmir. Bunun isə səbəbi var. Çünki Musa Ağamalıyev rayonun icra hakimiyyəti başçısı Tahir Budaqovun ən yaxın kadrıdır və onun göstərişi ilə hərəkət edir.

Qeyd edək ki, Tahir Budaqovda öncələr ƏƏSMN-də işləyib və Musa Ağamalıyevə də nazirlikdə Tahir Budaqovla dostluq edən şəxslər köməklik edir. Bunu da aydınlaşdırdıq ki, Musa Ağamalıyevə nazirlikdə də hər adam söz deyə bilmir və az qala Nizami rayonunda o, özünə bir dövlət qurub. Ardı var

İnformasiya şöbəsi