Rusiya prezidenti Vladimir Putin KTMT liderlərinin oktyabrın 28-də keçiriləcək görüşündə iştirak etməyi planlaşdırır.

"Unikal" xəbər verir ki, bu barədə Kremlin sözçüsü Dmitri Peskov məlumat verib.

Rusiya prezidentinin sessiyada iştirak edib-etməyəcəyi ilə bağlı sualı cavablandıran Peskov “Bəli, o bunu planlaşdırır” deyib.

Qeyd edək ki, oktyabrın 28-də KTMT Kollektiv Təhlükəsizlik Şurasının növbədənkənar sessiyası keçiriləcək və burada Ermənistana yardım məsələsi müzakirə olunacaq. Sessiya zamanı Ermənistan-Azərbaycan sərhədində vəziyyətin gərginləşməsi ilə əlaqədar KTMT MKS-nin qərarı ilə 2022-ci il sentyabrın 15-də Ermənistana göndərilmiş KTMT missiyasının işinin nəticələrinin müzakirəsi planlaşdırılır. Həmçinin Ermənistan Respublikasına yardım göstərilməsi üçün birgə tədbirlərə baxılacağı gözlənilir.

Gültəkin Ələsgər