Şok: Bakıda İranla əməkdaşlıq edən terroristlər tutuldu

2012-ci ildə İranın xüsusi xidmət orqanları tərəfindən məxfi əməkdaşlığa cəlb olunmuş 22 nəfər əks-kəşfiyyat əməliyyatları nəticəsində tutulub

Ötən il həyata keçirilən məqsədyönlü əks-kəşfiyyat və anti-terror tədbirləri nəticəsində ictimai xadimin həyatına son qoymaq məqsədi ilə onun həyatına sui-qəsd etməyə, yəni terror aktına hazırlıqda, külli miqdarda qanunsuz odlu silah, döyüş sursatı əldə edilməsində və digər cinayətlərdə təqsirli bilinən 5 nəfərdən ibarət qrup ifşa olunub. APA-nın Azərbaycan hökumətinin 2012-ci ilin yekunlarına dair hesabatına istinadən verdiyi məlumata görə, İran xüsusi xidmət orqanları ilə əlaqəli olduğu müəyyən edilmiş həmin qrupun 3 üzvü məhkəmənin hökmü ilə müxtəlif müddətlərdə azadlıqdan məhrumetmə cəzalarına məhkum edilib. Digər 2 üzv barəsində, eləcə də İran xüsusi xidmət orqanları tərəfindən məxfi əməkdaşlığa cəlb edilmiş və müvafiq şəkildə təlimatlandırılaraq, kəşfiyyat tapşırıqlarının icrasına yönəldilmiş daha 2 nəfər barəsində istintaq tədbirləri davam etdirilir.

Azərbaycan Respublikasının suverenliyi və dövlət təhlükəsizliyinə qarşı casusluq etməklə dövlətə xəyanətdə, terrorçuluğa hazırlıqda, qanunsuz odlu silah əldə edilməsində və digər ağır cinayətlərin törədilməsində təqsirli bilinən, İranın xüsusi xidmət orqanları tərəfindən məxfi əməkdaşlığa cəlb olunmuş, əsasən azərbaycanlılardan ibarət bir qrup – 22 nəfər keçirilmiş digər əks-kəşfiyyat əməliyyatları nəticəsində ifşa olunaraq tutulub və qrupun üzvləri müxtəlif müddətlərdə azadlıqdan məhrum edilib.

Xarici xüsusi xidmət orqanlarının tapşırığı ilə Azərbaycan ərazisində kəşfiyyat-agentura fəaliyyəti ilə məşğul olan və 2011-ci ildə ifşa olunmuş 2 hərbi qulluqçu barəsində cinayət işi yekunlaşdırılıb. Məhkəmənin hökmü ilə onlar, eləcə də törədilmiş digər hərbi cinayətlərə görə daha 32 hərbi qulluqçu məhkum olunub, 2 nəfər barəsində isə cinayət işinin istintaqı davam etdirilir.