Eldəniz

“Bizi Göyçədən çıxaran maşının sürücüsü erməni idi”
“Əkrəm Əylisli fürsət düşən kimi Rusiyaya gedəcək”

“Unikal” qəzetinin şef-redaktoru Eldəniz Elgün Publika.Az saytının “Könlüm keçir” layihəsi üçün müsahibə verib. Unikal.org müsahibəni təqdim edir.

Göyçədə doğulmaq

1974-cü ildə Göyçə mahalının Basarkeçər rayonunun Qanlı kəndində dünyaya gəlmişəm. 1988-ci ildə ermənilərin azərbaycanlıları öz doğma dədə-baba yurdlarından didərgin saldığı vaxtda Qərbi Azərbaycandan Şimali Azərbaycana üz tutmuşuq.

Göyçə - Qədim Türk yurdu

Göyçə qədim türk yurdu idi, öz adət-ənənələrinə sadiq, kənar təsirlərə düşməyən, saza-sözə bağlı qapalı cəmiyyət idi. Yaxın rayonlardan gələn adətləri qəti şəkildə qəbul etmirdi. Həmin vaxt Ermənistanın ərazisi idi. Göyçə bəlkə də yeganə yer idi ki, orda ermənilərə rast gəlmək mümkün deyildi. Bizim kəndin adı Qanlı idi. Kənddəki məktəblər Azərbaycan dilində idi. Hegemonluq həmişə azərbaycanlılarda olub. Kəndin adı isə deyilənə görə Qanlı Allahverdi adlı igidlə bağlıdır. Ərazidə ilk məskunlaşma qanla başa gəlib. Kəndə ona görə də Qanlı adı verilib. 1988-ci ilə qədər də Göyçədə bir-biri ilə qanlı düşmən olan həddən çox tayfa var idi.

Torpaq sahələri

Kəndlər çox balaca idi. Torpaq sahələri həmişə azərbaycanlılara məxsus olub. Bizim kənddə 1 məktəb var idi. Bəzən erməni uşaqları da gəlib bizimlə oxuyurdu.

Tayfalar

Bizim tayfanın adı Şeyx Əli tayfası idi. Bundan başqa Göyçədə Allahverdilər, Möylələr, Avıllılar, Mehribanlılar, Rəhimlilər, Hacınağılar, Cəlillər, Hacıqəriblər, Nayımlılar, Əhmədlilər, Zeynallılar, Babışlılar, Məmmədlilər, Məşədi Nəsirlilər, Məşədi Abbaslar adlı tayfalar var idi. Bizim nəsil Şah İsmayıl Xətainin hakimiyyətinin Göyçədəki təmsilçiləri olub. Ona görə də bizə Şeyx Əli nəsli deyirdilər.

Göyçəyə gələnlər

Göyçədə Təbriz, Ərdəbil mədəniyyəti özünü açıq-aşkar göstərirdi. Bundan başqa qədim oğuzların izləri hər addımda hiss edilirdi. Oğuz qəbiristanlığını bir ailə var idi ki, müqəddəs ocaq kimi son günlərə qədər qoruyurdu. Oğuz xanın qəbrinin orda olduğu deyilirdi. Qaramanlılar adlı böyük bir nəsil var ki, Göyçə və Azərbaycanın müxtəlif regionlarında yaşayıblar. Qaramanlıların da Türkiyədən gəldiyi deyilir.

Göyçə gölü

Göyçə gölünün suyu çox şəffaf idi. Bu göldən tutulan farel, qızıl xallı balıqlar Ermənistanın və Azərbaycanın hər yerinə aparılıb satılırdı. Göyçə gölünə ermənilər həmişə Sevan, biz isə Göyçə gölü demişik. Elə rayon, kənd adlarında da belə olub. Biz Basarkeçər, onlar Vardenes deyirdilər.

Təbiəti

Çox səfalı yer idi. Ancaq çox soyuq olurdu. Göyçədə ancaq iki ay isti hava görmək mümkün idi. Dağlıq ərazisi çox idi. İnsanları uzunömürlü idi. 100 yaşlı insanlara tez-tez rast gəlmək mümkün idi. Biz uşaq olanda deyirdilər ki, insanlar daha əvvəlki kimi uzunömürlü deyil.

Məişəti

Göyçə məişətinin bir çox xüsusiyyətləri Qazaxda da var. Ümumiyyətlə, Qazaxdan vaxtilə Göyçəyə gələnlər çox olub. Kəsəmən kəndi var idi ki, qazaxlılardan ibarət idi. Zarafatyana belə bir söz də deyirlər ki, yaylaqdan dağa çıxıb geri qayıtmağa tənbəllik edən qazaxlıya göyçəli deyilir.

Mətbəxi

Mətbəximizin şahı yarpaq xəngəlidir. Qonaq gəldimi, mütləq xəngəl kəsilməli idi. Soyuq ərazi olduğu üçün qovurma hazırlanıb küpələrdə saxlanılırdı.

Aşıq Ələsgər

Gözümüzü açıb saz görmüşük. Saza böyük məhəbbət olub. Atam bu yaşında da sazı sinəsinə alıb ifa edir. Göyçədə aşıq məclisləri, Aşıq Ələsgər gecələri keçirilirdi. Aşıq Ələsgər sazın sultanı hesab olunurdu. Elə adam olmazdı ki, əzbərində Aşıq Ələsgərdən qoşma, təcnis olmasın. Sazsız toy ola bilməzdi. 10 kənddən birində molla tapmaq olardı. Mollalar isə kimsə dünyasını dəyişəndə yada düşürdü. Hətta elə adamlar var idi ki, vəsiyyət edirdi ki, öləndə onu sazla dəfn etsinlər. Bu da elə qəribə bir şey kimi qəbul edilmirdi. Sazlan dəfn mərasimi adi hal sayılırdı.

Dinə münasibət

Kəndlərdə yalnız çox yaşlı mollalara rast gəlmək mümkün idi. Bu da nadir tapıntı idi. Din yalnız Məhərrəm ayında yada düşürdü. Göyçədə məscid yox idi. İmamların adı ilə bağlı ocaqlara daha çox inanırdılar. Allaha inananlar çox idi. Ancaq Allahın yerdəki vasitəçilərini qəbul etmirdilər. Saza daha çox inam var idi. Bu da türklükdən irəli gələn xüsusiyyət idi. İslamdan da əvvəl türklük var idi.

Göyçədə keçən uşaqlıq

Göyçədə çox saf idik. Hansısa yalanı danışırdıqsa, sonra özümüz, öz içimizdə o yalanı həzm edə bilmirdik. Özümüzə sığışdıra bilmirdik ki, yalan danışdıq. Əziyyət çəkirdik. Ancaq indi hər şey adiləşib. Yalansız günümüz, işimiz yoxdur. Orda isə vərdişlərimiz yox, özümüz var idik. Fərdi düşüncə var idi. Göyçədə sürü psixologiyası heç vaxt olmayıb. Hamı özü kimi idi.

Televiziyalar

Erməni televiziyası erməni soyqırımı ilə bağlı mütəmadi proqramlar verirdi. Hər dəfə ermənilər efirdən türklərin onlara soyqırım etmələri ilə bağlı yalanları danışanda erməni uşaqlarını döyürdük. Biz kökümüzə bağlı idik. Nəyin necə baş verdiyini də yaxşı bilirdik.

Hakim ağsaqqallar

Göyçə yeganə yer idi ki, orda Sovet hökuməti kolxoz qura bilmədi. Sonradan gətirilmiş heç bir qayda-qanun Göyçəyə soxula bilmədi. Kənd ağsaqqalının dediyi qanun idi. Kənd Soveti nümayəndəsi hansısa qayda haqqında xəbərdarlıq edirdisə, ona ağsaqqallar razılıq verməyənə qədər məhəl qoyan yox idi.

Maddi durum

Camaatın maddi rifahı çox yaxşı idi. Ancaq kartofdan gələn gəlir bir ailəni necə lazımdırsa görürdü. Əkin-biçinlə məşğul olanlar 2 ay işləyib 10 ay onun puluna necə lazımdırsa gəzib yeyib-içirdi.

Təhsilə münasibət

Ali məktəbə qəbul olmayan adam utandığından Göyçəyə qayıtmırdı. Maksimum dərəcədə hamı oxumağa çalışırdı. Nədənsə tibbə daha çox meyl var idi. Filologiya ixtisasına meyl isə Aşıq Ələsgərlə, sazla bağlı idi. Qəbul ola bilməyən uşağın arxasınca Bakıya az qala elçi göndərirdilər ki, qayıt, utanma. Gələn il hazırlaşıb qəbul olarsan. Gələn il eyni utancı yaşamamaq üçün çalışıb universitetə qəbul olurdu.

Evliliklər, toylar

Daha çox qohumlar ailə qururdu. Son dövrlərdə isə qohum nikahlarının fəsadlarına görə ağsaqqallar məsləhət görürdülər ki, başqa nəsillərdən qız alınsın ki, qan təzələnsin. Məcburi evliliklər isə olmurdu. Əvvəllər göbəkkəsdilər olurdu. Son dövrlərdə isə bu adətlər də ləğv edildi. Hamı istədiyi ilə ailə qururdu.
Toydan 1 gün qabaq və 1 gün sonra aşıq məclisi təşkil edilirdi. Toyda qara zurna və saz olurdu. Başqa musiqi alətlərini qəbul etmirdilər. Toy olan evdə, nəsildə 7 gün toy əhvalı yaşanırdı.

Göyçədən çıxmaq...

Göyçəni tərk etmək ağır idi. Göyçəlilər bütün azərbaycanlılar kimi yaşadıqları yeri müqəddəs hesab edən, torpaqlarına dəlicəsinə bağlı insanlar idi. Bizim kənd ermənilərin əhatəsində idi. Kəndin ağsaqqalları qərara aldılar ki, uşaqları yük maşınına doldursunlar. İyirmidən çox uşaq idik. Yük maşınına doldurub qabaq tərəfə qoyun-quzu yığdılar ki, bizi görməsinlər. Sürücü isə erməni idi. Qonşu idik. Ona pul verdilər ki, bizi sağ-salamat kənddən çıxartsın. Kənd 25 gündən çox ciddi müqavimət göstərdi. Ölənlər, yaralananlar, əsir düşənlərimiz oldu. Hər gün ermənilərlər kəndin arasında ciddi döyüşlər olurdu.

Göyçədən çıxanlara ermənilərin münasibəti

Elə ermənilər var idi ki, hər gün kəndə informasiya gətirirdi ki, bu gün sizə hücum olacaq. Biz çıxanda ermənilər ağlayırdı. 30 erməni ailəsindən yalnız biri bizə düşmən mövqedə idi. Həmin erməni ailəsini də kənddən qovdular. Məsələ burasındadır ki, biz onları heç vaxt ciddiyə almamışdıq. Onlar həmişə bizdən asılı, ikinci sinif insan olublar. Elə bu qeyri-ciddi yanaşmağımız da bəlkə də onların bizim başımıza gətirdikləri oyunda yardım etdi.

25 gün özünümüdafiədən sonra əhali tükəndi. Sonra gəlib silahları yığdılar. Camaat əliyalın müqavimət göstərə bilməzdi. Əsir düşənlər çox olurdu. Hər tərəfdən ermənilərin əhatəsində idik.
Bizi kənddən çıxarandan sonra Kəsəmən kəndinə apardılar. 3 gün bu kənddə qaldıqdan sonra vertolyot bizi Gədəbəyə apardı. 1 gün Gədəbəydə qaldıqdan sonra Gəncəyə gətirildik. Qarabağa getmək istəsək də, maşınları yolda saxladılar. Bizi Qarabağa buraxmadılar. Daşkəsənə, sonra da Gəncəyə getdik. Ordan isə Sumqayıta gəldik.

Sumqayıtda qarşılanma

Sumqayıtda ilk dəfə dərsə getdiyim günü yaxşı xatırlayıram. 23 nömrəli məktəbə getdim. Müəllim uşaqlara məni təqdim edib dedi ki, Ermənistandan qaçqın düşüb. Direktor şəxsən özü məktəbli forması, kitab dəftər gətirdi. Müəllimlər və şagirdlər 1 gündə mənə 38 qələm verdilər. Hamı istəyirdi ki, bizə kömək eləsin.
Ermənilər Sumqayıtı tərk edəndə evlərini arxayınlıqla satıb getdilər. Biz isə gəlib öz pulumuzla Bakıdan ev aldıq. Hətta Sumqayıtda ev almaq istəsək də, ala bilmədik. Ev ermənilərin tərk edib getdiyi ev idi.

1998-ci ildə BMT-nin xətti ilə Göyçəyə getdim. Öz evimizdə bir gün gecələdim. Evimiz dağıdılmamışdı. Əksinə, qonşu olduğumuz erməni bizim evimizdə yaşayırdı. Evdə çox şeyi dəyişmişdi. Ancaq Aşıq Ələsgərin şəkli hələ də divarda idi.

20-30 il sonra ermənilər və azərbaycanlılar

Bizdə həmişə ermənilərə sevgi olub. Çalışmışıq ki, özümüzdə olan müsbət xüsusiyyətləri ermənilərdə də görək. Bəzən bu bizdə alınıb. Bəzən isə onların özlərini yazıq, əzilmiş, fağır millət kimi göstərmək istəyi yaxşı olmaq istəyindən irəli keçib. Azərbaycanlılarda özünəinam həmişə yüksək olub. Əksinə, ermənilər isə sığınmağa başqa bir millət axtarıblar. Biz həmişə güzəştə getməyi bacarmışıq. 20-30 il sonra erməni bizə gülümsəsə, yenə də hər şeyi unudub onu qucaqlayıb öpəcəyik.

Biz kin-küdurətli millət olmağı bacarmırıq. Sosial şəbəkədə uşaqlıqdan tanış olduğum bəzi erməni uşaqları ilə əlaqəm var idi. Spartak adlı erməni ilə ara-sıra yazışırdıq. Ermənistanda ona ciddi problem yaratdılar. Ona görə də əlaqə itdi. Onların nə qədər kinli olduğu gün kimi aydındır. İnsan olaraq dəyərlərə hörmətlə yanaşıram. Erməni millətini yox etməyi heç vaxt fikirləşməmişəm. Ancaq sabah səngərdə istər 3, istər 100 yaşında olan erməni mənim düşmənimdir. Ona güllə açmamaq kimi düşüncəm heç vaxt ola bilməz.

Əkrəm Əylisli niyə “yandı”?

Biz çox tolerantıq. Elə ona görə də Əkrəm Əylislinin yazdıqlarına ictimaiyyətdən o cür münasibət gəldi. Əkrəm Əylisli ermənilərə qarşı azərbaycanlıların vəhşiliyindən yazır. Tarix isə onu demir. Azərbaycanlılar ermənilərin çörək verəni, xilaskarı olub. İctimaiyyətdən gələn reaksiya isə yanlış idi. Kitab yandırmaq, təhqir etmək kimi reaksiyalar Əkrəm Əylislinin yazdıqlarını dolayısı ilə təsdiqləmək idi. Bunu edənlər Əkrəm Əylislinin azərbaycanlılara vəhşi xalq istehzasını təsdiqlədi. Çox sakit tərzdə Əkrəm Əylisliyə yazdıqlarının hansının səhv, hansının doğru olduğunu izah etmək olardı. “Daş yuxular” sübut edir ki, Əkrəm Əylisli milli zəmində kompleksli insandır. Onda tanınmama fobiyasının yaratdığı çatlar var. Əkrəm Əylislinin ermənilərə sevgisi yalandır. Bu real ola bilməz. “Daş yuxular”ın hər nöqtəsini təhlil etdim. Özündə süni sevgi yaratmağa cəhd edib. Günün birində yalançı sevgisinin məqsədli olduğunu etiraf edəcək. Onun üstünə gedilməsəydi, kampaniya hazırlanmasaydı, Əkrəm Əylisli mənən sınardı, yox olardı. Türkiyəyə getmək xəbəri də saxtadır. Sübut etməyə çalışır ki, guya türkçüdür. Amma fürsət düşən kimi Rusiyanı seçəcək.