Siyəzəndə xalq ayağa qalxdı


Bu gün Siyazən rayonunda bir qrup sakin etiraz aksiyası keçirib. Aksiya iştirakçıları etiraz əlaməti olaraq magistral yolu bağlayıblar.

Modern.az-ın əməkdaşı faktı dəqiqləşdirmək üçün Siyəzən rayon İcra Hakimiyyəti ilə əlaqə saxlayıb. İcra Hakimiyyətindən belə bir aksiyanın keçirildiyini təsdiqləyiblər.

“Bir qrup rayon sakini “Siyəzən Broyler” Quşçuluq Fabrikinə qarşı aksiya keçirib. Nümayişçilər əsasən həmin fabrikin işçiləri idi. Onlar əmək haqlarının azlığından şikayət edirdilər. Fabrik rəsmiləri onları dinləyərək, anlaşma təklif edib. Daha sonra izahatları alınıb və bununla da aksiya başa çatın. Hazırda heç bir problem yoxdur. Rayonda hər şey əvvəlki kimi öz qaydasındadır”-deyə İcra Hakimiyyətindən bildirilib.

Aksiya ilə bağlı “Siyəzən Broyler” ASC Quşçuluq Fabrikindən açıqlama verilib. Səhmdar Cəmiyyətinin baş mühasibi Azad Tağıyev Siyəzəndəki etiraz aksiyasını təsdiqləsə də, hadisənin bir o qədər ciddi olmadığını bildirib. Şirkət rəsmisi fabrikdə hazırda işin davam etdiyini, hər hansı problemin olmadığını qeyd edib.

“Bir neçə nəfər etirazını bildirib. Onlar o qədər də çox olmayıblar, hardasa 7-8 nəfər narazılıqlarını bildiriblər. Ümumilikdə mühüm bir hadisə baş verməyib. Fabrik öz işini hər zaman olduğu kimi, davam etdirir. İşçilərin də hər hansı narazılığı yoxdur. O bir neçə nəfər də kimlərdisə, şikayətləri araşdırılacaq. Qeyd olunduğu kimi ciddi bir etiraz olmayıb”-deyə A.Tağlyev açıqlama verib.

Qeyd edək ki, Siyazəndə baş verən aksiyanı rayon İcra Hakimiyyətindən də Modern.az-a təsdiq ediblər.