Azərbaycan məmurlarının şoka salan əyləncələri


Onlar qanunsuz yığdıqları pulları hara və necə xərcləyirlər?

Azərbaycan məmurlarının dəbdəbəli, lüks həyata marağı və həvəsi təzə xəbər deyil. Ölkə əhalisinin mütləq əksəriyyəti işsizlikdən, onun özü ilə gətirdiyi yoxsulluqdan, ayın əvvəlindən ortasına güc-bəla ilə yetən az maaşdan, borc bataqlığında çabalamaqdan əziyyət çəkərkən, bir çox vəzifəli şəxslər üçün minlərlə, onminlərlə manatı bir günün içində havaya sovurmaq su içimi kimi bir şeydir.

Əlbəttə, «varlığa nə darlıq» deyirlər, heç, başqalarının öz pulunu necə xərclədiyini sorğulamaq da ilk baxışda yaxşı bir şey deyil. Amma bunu bizim məmurlara aid etmək çox çətindir; məsələ burasındadır ki, onların dəbdəbəli həyatını təmin edən pullar heç də halal pulları deyil, həmin pulları onlar rüşvət və korrupsiya əsasında yığıblar. Elə ona görə də pullarını saymaq da olar, hara, necə xərclədiklərini sorğulamaq da.

Beləliklə, Azərbaycan məmurları həyatlarını hansı əyləncələrlə gözəlləşdirirlər?

Məsələn, götürək onların kazino sevdasını. Qumarxanalar ölkədə ləğv edilsə də, hazırda paytaxtın bir neçə yerində kazinoların qeyri-qanuni fəaliyyət göstərdiyi çoxuna bəlli həqiqətdir. Bir çox məmurların və onların övladlarının belə qanunsuz, gizli kazinolara meylliliyi də məlum məsələdir. Hətta bəzən onların uduzduqları pullar mətbuata da sızır.

Məmur əyləncələri sırasında ov əyləncəsi xüsusi yer tutur. Vəzifəlilər yalnız yüksək dağlıq və meşəlik ərazilərdə ova çıxmaqla qalmırlar. Məsələn, mətbuatın iddialarına görə, Lənkəran rayonunda yerləşən «Qızılağac» dövlət qoruğu məmurların sevimli əyləncə məkanlarından biridir. Bir çox məmurlar bayram tətili və istirahət günlərində qoruqlara belə, çox həvəslə ova gəlirlər. Onların yanında isə iki-üç yaxın adamları və ov itlərindən başqası olmur.

Yeri gəlmişkən, itlər də məmurların əyləncələrinə aiddir. Söhbət heç də yalnız ov itlərindən getmir. Onlar bahalı it cinsləri saxlamağa xeyli həvəslidirlər. Hansı ki, həmin itlərin aylıq xərci bir neçə min manatadək çatır.

Deyilənlərə görə, məmurlar itlərini bir qayda olaraq ölkə xaricindən, əsasən də Avropadan gətizdirirlər. Bəzən bir itin alınmasına 5-7 min manat xərc çəkilir. Onların ay ərzində saxlanılmasına isə 1800-2500 manat arasında pul sərf olunur. Zaman-zaman mətbuat hansısa nazirin, başqa vəzifəli bir adamın hansısa cinsə aid köpək saxlamasından, ona ayda bir neçə min manat xərcləməsindən yazıb. Bu yazılarda hərdən Azərbaycan insanına qoyulan qiymətlə itə göstərilən sayğı müqayisə edilib, çox təəssüf ki, hər zaman “Bobik”lər adi vətəndaşları üstələyib. Yəni Məmməd, Əhməd ayda 200 manat tapıb dolana bilmədiyi halda, hansısa məmur təkcə itinə 2-3 min manat xərcləyir...

Bəzi məmurların insan sevgisini də üstləyən heyvan sevgisi heç itlərlə də məhdudlaşmır. Məsələn, bir çox məmurların bahalı at cinsləri saxladığı da tez-tez mətbuatda yazılır. Hətta bir müddət əvvəl Binə qəsəbəsində yerləşən atçılıq klubunda saxlanılan atların əsasən, məmurlara məxsus olduğu və qiymətlərinin milyonlarla ölçüldüyü bildirilmişdi. Həmin atçılıq klubunda bəzi nazirlərdən tutmuş nisbətən aşağı ranqlı məmurlara qədər çoxlarının atının olduğu məlumdur.

Elə məmurlar var ki, hətta İngiltərədən 500 min manata at almaq onlar üçün heç nədir. Atın yeməyinə isə ay ərzində 400-600 manat, dərman və təmizləyicilərinə isə 200 manatadək pul xərcləyən vəzifəlilərimiz hansısa kasıb-kusuba əl tutmaq lazım gələndə daş atıb, başlarını tuturlar ki, bir həsirdilər, bir də Məmmədnəsir.

Məmurlarımız məşhur müğənni və aktrisalardan da öz səxavətlərini əsirgəmirlər. Özlərinin və övladlarının ad günlərinə, toy-nişanlarına, hətta heç bir səbəbsiz qurulan kef məclislərinə «ulduzları» gətirməyə xəsislik etməyən bəzi yüksəkçinlilər buna isə onminlərlə, bəzən yüzminlərlə manatı asanca səpələyirlər. Bu cür eyş-işrət məclislərinin sədası bir çox hallarda kənara da çıxır. Hətta hansısa məmurun hansısa məşhura «eşq» elan etməsi barədə xəbərlərlə də zaman-zaman rastlaşırıq.

Onların ən sevimli əyləncələrindən biri isə yerli şou-biznes nümayəndələrinə himayədarlıq etməkdir. Bunun adı daha çox «sponsorluq» kimi göstərilsə də, bəzi vəzifə sahiblərinin yerli şou-biznes ulduzlarına qoyduqları mayanın əsl səbəbinin heç də bu olmadığını söyləmək yəqin ki, artıq olardı.

Bir sözlə, korrupsiya pulları üçün hələ bu dünyada özlərinə cənnət həzzi yaşadan bəzi məmurlar sadə insanların qayğı ilə dolu həyatından bixəbər şəkildə dövranlarını sürürlər. Düzdü, bəzən bunun axırı heç də onlar üçün ürəkaçan olmur (Quba, İsmayıllı olaylarını xatırlayaq), ancaq reallıq budur ki, əksər vaxtlarda ölkə başçısınıvn təbirincə desək, bəzi məmur və onların övladlarının qudurğanlığı cəzasız qalır.