Hansı nazir xarici kəşfiyyata işləyir?


Bu gün nazirdə süpürgəçidə bu funksyanı icra edə bilər

Bu günlərdə maraqlı bir olay yaşandı. Ölkədə fəaliyyət göstərən saytlardan biri İsmayıllı rayon icra hakimiyyəti başçısının işdən azad olunma günü,sərəncamın verilməsindən bir neçə saat öncə bununla bağlı xəbər yaydı. Və bildirildi ki, məlumat doğrudur və yuxarı dairələrdən ötürülüb. Həqiqətən də bir neçə saat sonra məlum sərancam rəsmən təsdiqləndi. Əslində ilk baxışdan belə nəticə çıxardı ki, bu jurnalist araşdırmasıdır. Amma bir az köklü yanaşanda ortaya bir sual çıxır, jurnalist prezidentin masasının üzərinə qoyulacaq sənəd haqqında araşdırmanı necə apara bilər? Çünki bu sərəncamdan olsa-olsa həmin vaxt 5-7 nəfərin xəbəri ola bilər. Deməli bu xəbər həmin şəxslərdən biri tərəfindən ötürülüb. Bu isə artıq araşdırma yox, informasiya sızmasıdır. Elə deputat Fəzail Ağamalı da bu məsələyə xüsusi önəm verir:-“Bu gün hər hansı icra başçısının işdən azad edilməsi haqda məlumat, sərəncam rəsmən açıqlanmazdan əvvəl KİV-lərdə peyda olur. Prezident sərəncamlarının məzmunu rəsmi şəkildə Administrasiya tərəfindən elan olunmazdan öncə yayımlanırsa, KİV-ə ötürülürsə, bu, cinayətdir. Fikrimcə, bu, heç də informasiya vasitələrinin irəliləyişi kimi qiymətləndirilməməlidir. Bu gün KİV-lər ən müxtəlif kanallarla, mötəbər mənbələrlə əlaqələrə malik olsa da, dövlət əhəmiyyətli məsələlər mətbuata sızmalı deyil”. Millət vəkili hesab edir ki, Azərbaycanın müvafiq qurumları bununla məşğul olmalıdır.

“Heç şübhəsiz ki, ölkə prezidenti tərəfindən imzalanan hər hansı bir sərəncam, hər bir hansı kadr dəyişikliyi və s. ilə bağlı fərmanlar və digər ciddi xarakterli məlumatlar rəsmi status aldıqdan sonra Administrasiya vasitəsilə KİV-ə çıxarılmalıdır. Əgər buna qədər həmin məlumatlar artıq KİV-ə çıxırsa, bunun qarşısı hökmən alınmalıdır. Azərbaycanda “İnformasiya təhlükəsizliyi haqqında” Qanun qəbul olunmalıdır. Həmin qanun olunmadığına görə, boşluqdan istifadə edib bu cür hallara yol verirlər”. F.Ağamalı vurğulayıb ki, prezidentin imzaladığı sənədlərin məzmunu ilə bağlı məlumatı KİV-ə kim ötürürsə, o, mütləq cinayət məsuliyyətinə cəlb olunmalıdır. İndi isə keçək məsələnin digər tərəfinə.

İnformasiya təhlükəsizliyində çatlar

Əslində bu məsələ jurnalist araşdırması yox, informasiya təhlükəsizliyinin təmin olunmaması deməkdir. Təsəvvür edin ki, tutalım bu xəbər hansısa icra hakimiyyəti başçısının işdən çıxarılması ilə bağlı yox, tutalım Ermənistana müharibə elan etməklə bağlı xəbər olaydı. Bir anlıq düşünəyin ki, Azərbaycan prezidenti iki gündən sonra savaş etməklə bağlı sənəd imzalayır və sənəd Müdafiə nazirliyinə çatdırılmamış artıq lazimi dairələr bundan xəbər tutur. Yəqin ki, bunun nə demək olduğunu bilirsiniz. Bu məqamda 1991-93-cü illərdə Qarabağda gedən döyüşləri yada salmağa dəyər. Elə götürək Daşaltı əməliyyatına. Azərbaycan hərbiçiləri tərəfindən həqiqətən də peşəkar bir əməliyyat hazırlanır və Daşaltı adlı bu əməliyyat kifayət qədər strateji bir əməliyyat olur və nəticə istənilən kimi olsaydı Qarabağda savaşın məcrası belə dəyişəcəkdi. Amma aydın oldu ki, əməliyyat uğursuzluğa düçar oldu və əməliyyata yollananların demək olar ki, əksəriyyəti şəhid oldu. Çünki artıq əməliyyatla bağlı erməni tərəfinə informasiya sızdırılmışdı. Bu gün keçmiş hərbiçilərdə etiraf edər ki, Qarabağ uğursuzluğumuzun 80 faiz yükü məhz informasiya təhlükəsizliyinin üzərinə düşür.

Silahdan dəyərli informasiya

Hər zaman informasiya dövlətlər üçün gərəkli olub, müasir dövrdə isə demək olar ki, ən qiymətli nə varsa onun ilkinində elə informasiya durur. Bu gün cəmiyyətlər informasiya ilə idarə olunur və informasiya bolluğu içində hamını düşündürən tək məsələ informasiya təhlükəsizliyinin təmin olunmasıdır. Bunu da qeyd edək ki, bu gün müasir texnologiyaların imkanları o həddə qədər artıb ki, artıq informasiya təhlükəsizliyi həqiqi problemə çevrilib. Elə bir müddət öncə dünyanı bir-birinə qatan “Vivleks” saytının etdiklərini yada salmaq kifayət etmək olar. Məlum saytın ABŞ-ın informasiya təhlükəsizliyinə dəhşətli zərbə vuraraq yaydığı informasiyalarla demək olar ki, ABŞ-la əksər dövlətlərin, həmçinin başqa-başqa dövlətlərin də münasibətlərinə ağır zərbə vurdu. Hətta yayımlanan bu informasiyalarda Azərbaycanla da bağlı məqamlar var idi və Türkiyə-Azərbaycan, Rusiya-Azərbaycan münasibətlərinə həmin an ciddi təhlükələrdə yaranmışdı.

Azərbaycanda informasiya alıcıları

Bu gün Azərbaycan yerləşdiyi strateji mövqeyə görə bir sıra dövlətlərin maraq dairəsindədir və bu səbəbdən həmin dövlətlər ölkənin informasiya bazasını hədəfləyiblər. Və onların informasiya daiərələri bunlardır
- iqtisadi yönlü xəbərlər
- hərbi yönlü xəbərlər
- siyasi yönlü xəbərlər

Bunu da qeyd edək ki, Avropa üçün Azərbaycanda iqtisadi yönlü informasiyalar, Rusiyaya siyasi yönlü informasiyalar, Ermənistan və İrana isə hərbi və siyasi yönlü informasiyalar daha çox maraqlandırır. Bunun nəticəsidir ki, bir müddət öncə hava limanında prezident İlham Əliyevin belə danışıqlarını izləmə cəhdləri olmuşdu və həbslərdən sonra aydın oldu ki, onların arxasında Rusiya kəşfiyyatı durur. Həmçinin demək olar ki, hər il İran casusları aşkarlanır və onların da hərbi və siyasi yönlü informasiyaları əldə etmək istəkləri ortaya çıxır.Bundan başqa aydın oldu ki, Almaniya və Böyük Britaniya kimi ölkələr Azərbaycanda bağlanan iqtisadi layihələrlə bağlı informasiya ovuna çıxıblar və bəzi uğurlarda qazana biliblər. Bundan başqa aydın olur ki, hazırda qərb və ABŞ əsasən Azərbaycanda iqtisadi informasiyaları əldə edərək daha sonra bunlardan kompromat olaraq istifadə edirlər. Bu baxımdan “Eurovision” Mahnı Yarışması ərəfəsində Almaniya mətbuatının total şəkildə Azərbaycanı hədəfə alması və bu cür informasiyalarla hakimiyyəti az qala şantaj etdiklərini unutmaq olmaz.

Məmur səhlənkarlığı

Bu gün informasiya təhlükəsizliyinin pozulmasında daxili qüvvələrində böyük rolu var və bunun bir sıra səbəbləri var. Ən primitiv yanaşmada informasiya təhlükəsizliyinin pozulmasında iştirakı olan məmurlar bunu səhlənkarlıqdan və ya dar düşüncəlikdən edirlər. Götürək elə İsmayıllı rayon icra hakimiyyəti başçısının işdən çıxarılması ilə bağlı verilən xəbəri. Düzdür belə iddia oluna bilər ki, xəbər ona görə öncədən verilmişdi ki, onun işdən çıxarılması ilə bağlı sərəncam bu xəbərə görə ləngidilsin. Amma bunu heç kəs bu düşüncə ilə etməzdi və bu onun özünün taleyini həll edərdi. Deməli bu sırf səhlənkarlıqdan və ya xırda hislərdən ortaya çıxan bir nəticə idi.

Hakimiyyətdaxili savaş

Bu gün hakimiyyətdaxili informasiya sızmasının başqa ciddi səbəblərindən biri hakimiyyətdaxili quruplaşmalar arasında gedən savaşla bağlıdır. Öncələr bunun qarşısı alınsada hazırda yenə də bu problem ortaya çıxıb. Ötən illərdən fərqli olaraq hazırda internet mediası kifayət qədər inkişaf edib və müəyyən quruplaşmalar bundan məharətlə istifadə edirlər. Beləliklə hansısa məmuru, oliqarxı sıradan çıxartmaq üçün bəzən hakimiyyətin, həm də dövlətin maraqlarına zərbə olacaq informasiyalar ortaya çıxarılır. Bunu da qeyd edək ki, son zamanlar bu tip informasiyalar kifayət qədər artıb və hesab etmək olar ki, qarşıdan prezident seçkiləri gəlir və proses daha da qloballaşacaq.

Siyasi maraqlar

Bu gün informasiya təhlükəsizliyinə zərbə vuran bir qurup oliqarx-məmur isə bunu siyasi maraqları üçün həyata keçirirlər.Bunların bir qismi müxalifətlə əlaqələrin qorunması və zamanı çatanda onlarla bir sırada durmaq üçün bəzən sözün həqiqi mənasında casusluq missiyasını həyata keçirirlər. Buna görə də bəzən dövrü mətbuatda elə xəbərlər yayılır ki, bunu hansısa jurnalistin əldə etməsi faktiki mümkünsüzdür. Digər bir qanadda var ki, hakimiyyətdə öz nüfuzlarını, təsir imkanlarını saxlamaq üçün bu cür informasiya sızıntılarına yol verirlər. Məsələn, 1995-2000-ci ilə qədər bir sıra oliqarx-məmurlar regionçuluq faktorundan bəhrələnərək hakimiyyətə təsir edirdilər. Tutalım hansısa oliqarx mənsub olduğu bölgə ilə bağlı bir təşkilat yaradır və həmyerlilərinin bu təşkilatda olmalarını təmin edirdilər. Və seçki dövründə, siyasi aktivlik artan zaman bu gücün sahibi kimi ortaya çıxırdılar. Amma indi belə bir imkan yoxdur və bu səbəbdən çıxış yolu informasiya təhlükəsizliyini zədələməkdədir.Bundan başqa elə məmurlarda var ki, onlar üçün başqa ölkələrin maraqları daha müqəddəsdir. Bu tip məmurların əksəriyyətinin həmin ölkələrdə ciddi biznesləri olur və bəzən bu bizneslərinin təhlükəsizliyi üçün də Azərbaycana ağır zərbə vurmaqdan çəkinmirlər. Elə bu səbəbdəndir ki, dövlət məmurlarının ,millət vəkillərinin bizneslə məşğul olmaları əksər dövlətlərdə qadağa edilib.

Nəticə

Nəticə isə budur ki, bu gün ölkənin informasiya təhlükəsizliyi bərbad durumdadır və bu əngəlləri aradan qaldırmaq üçün sistemli hansısa iş görülmür. Bu gün ölkənin hüquq-mühafizə orqanları daha çox kənardan olan həmlələri zərərsizləşdirməyə çalışırlar. Ölkə daxilində isə artıq ,ölkə kənarından gələn təhlükədən də qat-qat ağır təhlükə mənbələri yaranıb. Ekspertlər hesab edir ki, bunun üçün bir sıra addımlar mütləq həyata keçirilməlidir. İlk növbədə müvafiq qanunlarda ciddi sərtləşmə aparılmalı və dövlət orqanlarının informasiya təhlükəsizliyi sistemini daha da gücləndirmək şərtdir. Bundan başqa ekspertlər hesab edir ki, bu gün Azərbaycanda informasiya təhlükəsizliyi o həddə qədər zəifləyib ki, bundan artıq açıq şəkildə başqa dövlətlərdə bəhrələnməyə başlayıb. Bunun üçündə daxili və xarici faktorların təhlili bir mərkəzdən aparılmalı və real mənzərə ortaya çıxarılmalıdır.
Eldəniz Elgün