Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Türkiyə və Suriya prezidentləri Rəcəb Tayyib Ərdoğan və Bəşər Əsədin görüşünün Rusiya Federasiyasında keçirilə biləcəyini bildirib.

"Unikal" xəbər verir ki, bu barədə o, jurnalistlərə bildirib .

Onun sözlərinə görə, nəzəri cəhətdən görüş Rusiya prezidenti Vladimir Putinin vasitəçiliyi ilə Rusiyada baş tuta bilərdi , lakin hələlik belə razılaşmalar yoxdur.

Bundan əvvəl Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ankaranın bu ölkədə keçirdiyi hərbi əməliyyatlara baxmayaraq, suriyalı həmkarı Bəşər Əsədlə görüşə biləcəyini istisna etməyib .

Noyabrın 20-də Türkiyə Müdafiə Nazirliyi “Pəncə-Qılınc” əməliyyatının başladığını elan edib. Ankara noyabrın 13-də İstanbulun mərkəzində baş verən terror aktında Suriyadakı Kürdüstan Fəhlə Partiyasının əli olduğuna inanır.

Ərdoğanın sözlərinə görə, əməliyyat kürd birləşmələrinin respublika sərhədindən çıxarılması ilə bağlı vədləri yerinə yetirmək üçün 2019-cu il Soçi razılaşmasına uyğun olaraq “Rusiya Federasiyasının imtinası” nəticəsində başlayıb. Ərdoğan həmçinin bildirib ki, Türkiyə Silahlı Qüvvələrinin Suriya və İraqın şimalındakı əməliyyatları “yalnız başlanğıcdır”. Türkiyə liderinin sözlərinə görə, Ankara sərhədlərin təhlükəsizliyini təmin etməkdə qərarlıdır.

Gültəkin Ələsgər