Yenə "Azercell", yenə  narazılıq, yenə müəmma...
Yenə "Azercell", yenə
narazılıq, yenə müəmma...
Şirkət "özbaşınalıqdır" deyir,
qarşı tərəf qiyməti "Azercell"in
qaldırdığını söyləyir

Yeni həftə paytaxtın bir çox satış mərkəzlərində "Azercell"ə aid danışıq kartlarının bahalaşması ilə başladı. Və eyni ssenari təkrarlandı: yenə də bu bahalaşmanın kimdən qaynaqlandığı qaranlıq qaldı.
"Azərbaycanda "Sim" kartlarının qiyməti təsadüfi bahalaşmayıb. "Azərcell" aprel ayından distrübüterlərə satdığı sim kartlarının qiymətini iki-üc qəpik civarında bahalaşdırıb. Biz danışıq kartlarını şirkətdən ik-üc qəpik baha alırıq. Buna görə də məcburuq ki, baha sataq" - bu sözləri "Azərcell"in danışıq kartlarının satışını təşkil edən distrübüterlər söyləyib.
Distrübiterlər daha sonra bildirib: "Aprel ayından 3 manatlıq kartlar şirkətdən 2 manat 96, 5 manatlıq kartlar isə 4 manat 97 qəpiyə satılır. Distrübüterlərin də burada marağı olmalıdır. Yəni bizə də bir-iki qəpik pul qalmalıdır. Ona görə də biz "Sim" kartları pərakəndə satışa 1-2 qəpik baha satırıq. Onlar da üzərinə qoyub nominal dəyərindən baha satırlar. Bir sözlə qiymət özbaşına bahalaşmayıb, səbəb var".
Aparılan müşahidələr zamanı isə bəzi ticarət obyektlərində "Sim" kartların öz qiymətinə, yəni nominal dəyərində satıldığı da məlum olub. Həmin iri super marketlərdə bunun səbəbini izah etməsələr də, distributorlar iri ticarət obtektlərinin şirkətlə birbaşa satış üçün müqavilələrinin olduğunu söyləyiblər.
"Azərcell" Telekom isə qiyməti artırmadığını iddia edir. "Azercell Telekom" MMC-nin yaydığı rəsmi açıqlamaya görə, gün ərzində "Azercell Telekom" MMC şirkətinə, Bakının müxtəlif satış məntəqələrində Azercell "Sim" kartlarının qiymətlərinin qalxması ilə bağlı müraciətlər və suallar daxil olub. "Azercell" şirkəti rəsmən bildirir ki, şirkət tərəfindən "Sim" kartların satış qiymətlərində heç bir dəyişiklik edilməyib. "Sim" kartların nominal qiymətlərindən baha qiymətə satılması halları həmin kartların satıldığı məntəqələrin özbaşınalığı və "Azercell" şirkəti ilə razılaşdırılmamış fəaliyyətinin nəticəsidir" - deyə açıqlamada qeyd olunur.
Biz "Azercell"ə aid danışıq kartlarının bahalaşmasının kimdən qaynaqlandığının yenə də qaranlıq qaldığını yazdıq yazının əvvəlində. Amma bir məqam da xeyli maraq doğurur: nədənsə danışıqi kartlarının bir neçə günlüyə davamlı bahalaşması bir qayda olaraq "Azercell"lə bağlı müşahidə olunur.
Görəsən, bu, bir təsadüfdürmü?

Zaur Ağasıoğlu