Cənubi Afrika İnkişaf Cəmiyyəti (SADC) Mozambikdə sülhməramlıların terrorla mübarizə üçün bəzi cəsədləri yandırdığına dair görüntülərin ortaya çıxmasından sonra araşdırmaya başlayıb.

"Unikal" xəbər verir ki, SADC-nin təhlükəsizlik orqanının rəhbəri Namibiya prezidenti Hage Geingob, yandırılan cəsədlərin görüntülərindən dərin kədərləndiklərini söyləyib.  

Cənubi Afrika İcması Mozambik Missiyasının (SAMIM) rəhbərlərinin baş verənlərlə bağlı araşdırma başlatdıqlarını bildirən Geingob, görüntülərdəki hərəkətlərin qətiyyən qəbuledilməz olduğunu və məsul şəxslərin cəzalandırılacağını bildirib.

"Amnesty İnternational" 2022-ci ilin noyabrında Kabo Delqado bölgəsində çəkilən görüntülərdə  sülhməramlıların ölmüş əsgərlərin cəsədlərini köhnə mebellərin arasına ataraq yandırdıqları əks olunub.

Qeyd edək ki, terror təşkilatı Ənsar'us Sünnənin 2017-ci ildən bəri Mozambikin Kabo Delqado bölgəsində dinc sakinlərə təşkil etdiyi hücumlarda 3 mindən çox insan həyatını itirib. Hücumlar nəticəsində 800 mindən çox insan didərgin düşüb.

SADC missiyasının bir hissəsi olaraq Anqola, Botsvana, Konqo Demokratik Respublikası, Lesoto, Malavi, Cənubi Afrika, Tanzaniya və Zambiyadan yüzlərlə əsgər ölkədə xidmət edir.