Ukrayna prezidenti Volodimir Zelenski Brovarıdakı faciəyə görə Təhlükəsizlik Xidmətinə və digər səlahiyyətli orqanlara helikopterin qəzaya uğrama şəraitinin öyrənilməsini tapşırıb.

"Unikal" xəbər verir ki, bu barədə dövlət başçısı "Telegram"da bildirib.

"Bu gün Kiyev vilayətinin Brovarı şəhərində dəhşətli faciə baş verib. Dövlət Fövqəladə Hallar Xidmətinin helikopteri qəzaya uğrayıb, qəza yerində yanğın baş verib. Nəticədə 18 nəfər ölüb. Hazırda faciə qurbanlarının dəqiq sayı müəyyənləşdirilir”, - Zelenski qeyd edib.

O təsdiq edib ki, ölənlər arasında daxili işlər naziri Denis Monastırski, onun birinci müavini Yevgeni Yenin, Daxili İşlər Nazirliyinin dövlət katibi Yuri Lubkoviç, onların köməkçiləri və helikopter ekipajı var.