Binəqədidə növbəti MTK qalmaqalı

İşin içində «Azərsu»nun keçmiş rəhbəri ilə indiki departament rəhbəri də var

Son aylarda tikinti şirkətlərinin aldatdığı vətəndaşların sayı günbəgün artır. Bu günə kimi mətbuata çıxan rəqəmləri cəmləsək, artıq əminliklə deyə bilərik ki, mənzil tikinti kooperativlərinin əməllərindən zərərçəkənlərin ümumi sayı minlərlə nəfərlə ölçülür. Bununla bağlı bir neçə cinayət işi açılsada, həbs olunanlar olsa da, hələ də oxşar məzmunlu şikayətlər eşidilməkdədir.

Dünənsə redaksiyamıza paytaxtda daha bir MTK ilə vətəndaşlar arasında ixtilaf yarandığı barədə məlumat daxil oldu. Ən ilginci olan isə həmin işdə keçmiş və indiki vəzifəli məmurların adlarının hallanmasıdır.

Məsələ burasındadır ki, Cəfər Xəndan küçəsi 32-02 ünvanında tikilən göydələndə məskunlaşan vətəndaşlar xeyli vaxtdır vəd verilməsinə rəğmən hələ də mənzillərinə dövlət aktını ala bilmirlər. Artıq onların səbr kasası daşıb və MTK-ya davamlı şəkildə etdikləri müraciətlərin nəticəsiz qalması indi onları başqa etiraz formalarına əl atmağa sövq edir.

Məlumata görə, tikilən göydələndəki mənzil sahibləri əgər belə davam edərsə, yaxınlıqdan keçən mərkəzi yolu bağlamaq fikrindədirlər. Onlar həmçinin üzləşdikləri vəziyyətlə bağlı ölkə rəhbərliyinə də şikayət xarakterli müraciət etməyə hazırlaşırlar.

Qeyd edək ki, vətəndaşlarda narazılıq yaradan MTK-ın hüquqi sahibi Şirinova Elmira Hüseyn qızıdır. O vaxtilə «Azərsu»da çalışıb, hazırda isə onun adına bir neçə MTK mövcuddur. Məsələnin maraqlı tərəfi isə sözügedən MTK-nın «Azərsu»nun keçmiş rəhbəri Nirzaməddin Rzayevlə hazırda adıçəkilən səhmdar cəmiyyətin tikinti departamentinin rəisi Arzuman Abbasovun bağlantılarıdır.

Mövzu ilə bağlı redaksiyamıza verilən məlumatlarda iddia olunur ki, hazırda vətəndaşlarla tikinti şirkəti arasında qalmaqala səbəb olan yeni göydələnin inşasına da əvvəllər olduğu kimi Arzuman Abbasov rəhbərlik edir. Onun tikinti işlərində rəhbəri olduğu departamentin maddi və texniki imkanlarından da sui-istifadə etdiyinə dair məlumatlar var.

Abbasov yalnız bu binada deyil, Bakının 8-ci mikrarayonunda yerləşən, birinci mərtəbəsində marketlərin yerləşdiyi göydələnin inşasında da «Azərsu»nun keçmiş sədri ilə şərik olub. Belə iddia edilir ki, Nizaməddin Rzayevlə Arzuman Abbasovun «tikinti ortaqlığı» uzun müddət birincinin «Azərsu»nun maliyyə vəsaitlərinin müəyyən hissəsini bura istiqamətləndirməsi ilə müşaiyət olunub. Hazırda isə adıçəkilən səhmdar cəmiyyətdə işini davam etdirən Abbasov, yuxarıda da qeyd etdiyimiz kimi, qurumun tikinti departamentinin müəyyən imkanlarını özlərinin şəxsi inşaat biznesləri üçün istifadə etməkdən çəkinmir.

Onu da bildirək ki, “Bulaq-2” MTK 8-ci mikrarayonda tikintisinə başladığı bina ilə də həmin ərazidə yaşayan sakinləri narazı salaraq, onları etiraz aksiyası keçirməyə təşviq edir. Belə ki, adı qeyd olunan ərazidə yerləşən Prezidentin İşlər İdarəsinin tabeliyində olan Siyasi sənədlər Arxivinin binasının arxasında yerləşən bu tikinti sahəsi yüzlərlə sakinin yolunu kəsib. Yerli sakinlər də burada tikiləcək olan binanın onların evlərinə gedən maşın yolunu bağlamasına etiraz edir. Dünən qeyd olunan ərazidə bir qrup sakin “Bulaq-2” MTK-nın onların yolunu bağlamasına etiraz olaraq, aksiya keçirmək istəyib. Onlarla sakin etiraz etmək üçün tikintinin aparıldığı əraziyə gəlib və inşaatın dərhal dayandırılması və yollarının açılmasını tələb ediblər. Etiraz edənlər arasında keçmiş deputat Əhəd Əhmədov da var. O, əməkdaşımızla söhbətində yaşadığı əraziyə gedən yolun qanunsuz şəkildə bağlanması və yerində bina tikilməsinə etiraz etdiklərini qeyd edib. Keçmiş deputat bildirib ki, inşaat ərazisinin qarşısından 35 min kv.vattlıq elektirk xətti keçir, həmçinin, bura mühim dövlət əhəmiyyətli yerin qarşısındadır. Ə.Əhmədov tikinti şirkətinin hər şeydən əvvəl onların yollarını qanunsuz olaraq kəsdiyini və ərazidə yaşayan sakinlərin də məhz buna etiraz etmək üçün oraya toplaşdıqlarını bəyan edib. Onu da bildirək ki, sakinlər artıq məsələ ilə bağlı İcra Hakimiyyətinə və Prezident Administrasiyasına şikayət məktubu ünvanlayıblar. Onu da öyrəndik ki, əgər problemləri həll olunub, yolları açılmasa, sakinlər Binəqədi rayonunun icra hakimiyyətinin qarşısına toplaşaraq, etiraz aksiyası keçirəcəklər.

Qeyd edək ki, Binəqədi rayonunda icra başçısı dəyişikliyindən sonra bu rayonda bir çox müsbət işlərin həyata keçirildiyi aydın görünür. Belə ki, Xaləddin İbrahimovun bu rayona təyinatından sonra Binəqədidə istər abadlıq-quruculuq işləri baxımından, istərsə də vətəndaşların ərzə və şikayətlərinin təmin olunması yönündə xüsusi həssaslıq nümayiş etdirildiyi göz qabağındadır. Belə bir vaxtda hansısa keçmiş və indiki məmurların himayə və idarə etdikləri mənzil tikinti kooperativinin rayonun adını mətbuatda mənfi yöndən hallandıracaq əməllərə yol verməsi, burada vətəndaşların narazılığını yaradacaq, onları etiraz aksiyalarına, prezidentə müraciətlər ünvanlamağa sövq edəcək hərəkətlər etməsi qəbulolunmazdır.

Yəqin ki, rayon rəhbərliyi də ortaya çıxan məlum problemin həlli istiqamətində indiyədək vətəndaşların şikayətlərinə göstərdiyi diqqəti, həssaslığı nümayiş etdirəcək, kimlərinsə Binəqədi rayonunun adının mətbuatda vətəndaş narazılıqlarının yeni ünvanı kimi hallandırmasına imkan verməyəcək.