Avtomobil sürək, yoxsa...
Avtomobil sürək, yoxsa...

Azərbaycanlılar həm insan sağlamlığında mühüm rol oynayan, həm də ekoloji baxımdan ən təmiz nəqliyyat növünə niyə həvəs göstərmir?

Velosipeddən istifadə insan sağlamlığında mühüm rol oynamaqla yanaşı, həm də ekoloji baxımdan ən təmiz nəqliyyat növüdür. Bu gün bir sıra ölkələrdə məhz bu nəqliyyat növündən geniş istifadə edilməsi də təsadüfi deyil.

Hətta həmin ölkələrdə yalnız adi vətəndaşlar deyil, dövlət məmurları belə velosipeddən istifadəyə üstünlük verirlər. Məsələn, Yaponiyada təbiəti mühafizə etmək üçün nazirlər xidməti maşından yox, məhz velosipeddən istifadə edirlər. Beləliklə, bir sıra xəstəliklərin qarşısını alan, orqanizmin fəaliyyətinə müsbət təsir göstərən, ətraf mühitin təmizliyinə şərait yaradan velosiped, insanlara həm də mənzil başına tez çatmaqda yardım edir. Velosiped fransızca "tez ayaq" deməkdir.
Ölkəmizdə bu nəqliyyat növünün tətbiqinə gəldikdə isə hazırda paytaxt küçələrində təsadüfi hallarda velosiped istifadəçisinə rast gəlmək olar. Bunu isə bəziləri mentalitetlə, bəziləri isə mövcud infrastrukturun olmaması ilə izah edir. Hazırda Bakıda çoxsaylı avtomobillərdən istifadəni nəzərə alsaq, bu, həm vətəndaşların tıxacda gözləməsi, həm də həmin avtomobillərin çirkləndirdiyi havanı udması deməkdir. Bəs mövcud vəziyyətin aradan qaldırılması, ekoloji təmiz nəqliyyat növü olan velosipeddən istifadənin tətbiqi istiqamətində müvafiq qurumlar tərəfindən hansı tədbirlərin reallaşdırılması gözlənilir?

Velosiped aksiyası
keçiriləcək

Velosipeddən istifadənin bu gün paytaxtda insan həyatı üçün təhlükəli olduğu və qəzalara gətirib çıxaracağı faktdır. Yeni fəaliyyətə başlayan "Təhlükəsiz Yol" Alyansı Dövlət Yol Polisi ilə birgə bu istiqamətdə tədbirlər həyata keçirməyi planlaşdırır.
Qurumun təsisçilərindən olan Elçin Salmanov bununla bağlı bir kütləvi aksiya keçirilməsini nəzərdə tutduqlarını deyir: "Beynəlxalq təcrübədə də var ki, inkişaf etmiş ölkələr bizim ölkənin hazırkı inkişaf mərhələsini keçən dövrlərdə bu metodlardan istifadə edib. Müəyyən yollarda aksiyalar keçirilib. Məsələn, Hollandiyada dəhşətli tıxac olan küçələrdən biri velosiped aksiyası vasitəsilə bağlanılıb və hazırda avtomobillər üçün bağlı bir küçədir ki, orada ancaq velosipeddən istifadə edilir. Biz həm ekoloji, həm də yollarda tıxacların, qəzaların azalması baxımından bunun tərəfdarıyıq. Hazırladığımız ümumi fəaliyyət proqramında DYP-nin dəstəyi ilə bir sıra tədbirlərin keçirilməsi, o cümlədən bu velosiped aksiyası nəzərdə tutulub. Velosipeddən istifadə ilə bağlı yol infrastrukturuna məsul qurumların da öz öhdəlikləri var. Biz təklifləri aksiya çərçivəsində təqdim edəcəyik".

İstirahət məkanlarında
velosipeddən istifadə
tətbiq edilməlidir

Radiasiya Problemləri İnstitunun laboratoriya müdiri, "Ekoyl" Elmi-Ekoloji Cəmiyyətinin sədri Müslüm Qurbanov da təsdiq edir ki, velosipeddən Çin, Koreya, ABŞ və bir çox ölkələrdə geniş istifadə olunur. Ölkəmizdə bunun geniş tətbiqinə gəldikdə isə əhali arasında bir qədər maarifləndirmə işlərini artırmaq lazımdır: "Velosipeddən istifadə sağlamlıq, ətraf mühitin təmizliyi üçündür. Bunun üçün həm də infrastruktur yaratmaq lazımdır. Yeni yollar salınması müsbət addımdır, amma yenə də bu yollarda velosipedlə bağlı heç bir yenilik öz əksini tapmır".
M.Qurbanovun sözlərinə görə, bu istiqamətdə mövcud problemin həlli üçün ilk olaraq məktəb yaşından başlayaraq uşaqlara havanın təmizliyinin qorunması, nəqliyyatın mənfi təsirləri barədə təhsil müəssisələri səviyyəsində tədrisə başlanmalıdır: "Eyni zamanda tətil vaxtı istirahət məkanlarında velosipeddən istifadə tətbiq edilməlidir. Hətta sovet dövründə iri şəhərlərdə velosipedi icarəyə verirdilər. İndi turbazaların hamısında olarsa, velosipedlə gəzmək, maşınla gəzməkdən həm maraqlı, həm də ətraf mühit üçün yaxşı olar. Bunun üçün bütün potensial var. Sadəcə, həm maarifləndirmə işlərini, həm də texniki imkanları artırmaq lazımdır. Xüsusilə də istirahət məkanlarında xüsusi yerlər, velosiped alınmalıdır".
Müsahibimiz ölkədə velosipeddən istifadəyə üstünlük verilməməsini mentalitetlə əlaqələndirir: "Əhali elə hesab edir ki, maşından istifadə daha yaxşıdır. Bəzi nəqliyyat növləri var ki, tarixən formalaşıb. O demək deyil ki, biz indi maşından imtina edib, at arabalarından istifadə edək. Sadəcə, bu, həm benzinə qənaət, həm də sağlamlıqdır. İndi az da olsa velosipeddən istifadə var və bunu inkişaf etdirmək lazımdır".

Velosipeddən istifadə
üçün mənəvi, mədəni,
etik nöqteyi nəzərdən
maneələr yoxdur

Velosiped insan sağlamlığı, ətraf mühitin qorunmasında çox əhəmiyyətli bir vasitə olduğunu deyən "ELS" Müstəqil Araşdırmalar Mərkəzinin rəhbəri İradə Yaqubova bildirdi ki, Azərbaycanda, o cümlədən Bakıda velosiped sürmək üçün şərait yoxdur və bir velosipedçinin təhlükəsiz mənzil başına gedib çatması özü bir riskdir: "Bu yaxınlarda mən Avstriyada olmuşam və orada velosipedçilər üçün hansı şəraitin yaradılmasının şahidi oldum. Nəinki onlar üçün ayrıca yollar, yolun kənarlarında xüsusi zolaqlar yaradılır, hətta parklarda bunu görmək mümkündür. Elə bir mürəkkəb sistem yaradılıb ki, bir velosipedçi üçün avtomobillə bağlı heç bir qəza vəziyyəti yarana bilməz, nə də piyada ilə toqquşması üçün mövcud qaydaları pozmalıdır. Çünki bunun üçün çox incəliklə mükəmməl qaydalar hazırlanıb".
İ.Yaqubovanın sözlərinə görə, bizdə bu sistemin tətbiqi imkanı yoxdur: "Yolun hərəkət hissəsi hazırda avtomobillər üçün çatmır, ensizdir. Orada velosiped üçün yer ayırmaq mümkün deyil. Bundan başqa maşınların belə sıx hərəkəti ilə velosipedin hərəkəti düzgün deyil. Çünki velosipedçinin hərəkət zamanı onun ağciyərləri gərgin bir rejimdə işlədiyi üçün o adi bir piyadadan 7-8 dəfə daha intensiv hava udur. O, avtomobillərin havaya atdığı zərərli maddələri udur. Ona görə də belə şəraitdə velosipedin tətbiqinin mümkünlüyünü görmürəm".
Velosipeddən az istifadənin mentalitetlə əlaqələndirilməsinə gəldikdə isə İ.Yaqubova bunla razılaşmadığını və əgər bu tətbiq olunarsa bizdə ilk növbədə gənclərin istifadə edəcəyini deyir: "Daha sonra orta yaşlı insanlar istifadə etməyə başlayacaq. Xaricdə 70 yaşında qadınlar velosipeddən istifadə edir. Burada mənəvi, mədəni, etik nöqteyi nəzərdən maneələr yoxdur. Eyni zamanda bu gün qadınlar artıq çəkidən azad olmaq istəyir ki, velosipedin burada mühüm rolu var. Əgər velosipedin hərəkəti üçün küçələrdə şərait yaradılsa Bakı bəlkə də velosipedlərin sayına görə ən yüksək yerlərdən birini tutar".

Bakıda velosipeddən
istifadə üçün şərait
nə vaxt yaradılacaq?

Nəhayət, adıçəkilən nəqliyyat növündən istifadə üçün müvafiq dövlət qurumları tərəfindən hansı tədbirlərin nəzərdə tutulmasına gəldikdə isə "Azəryolservis" ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev bildirdi ki, Bakıda velodromlar və şəhər küçələrində xüsusi velosiped zolaqlarının yaradılması bəlkə də gələcəkdə olsun. Ancaq hazırda belə bir strukturun yaradılması nəzərdə tutulmayıb.
Nəqliyyat Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Namiq Həsənov isə bildirdi ki, tıxaclarla bağlı problemlər həll olunanda bu məsələ də aktual şəkildə bir neçə dəfə müzakirə olunub: "Sadəcə olaraq onlar üçün xüsusi yerlərin ayrılması lazımdır. Eyni zamanda insanların özləri də psixoloji baxımdan velosiped sürməyə hazır olmalıdır. Yəqin ki, gələcəkdə belə bir şey olacaq. Həqliyyat Nazirliyndə ekoloji baxımdan təmiz nəqliyyat vasitələrinin gətirilməsi müzakirə olunub və yeni gətirilən avtobuslar, taksilər ekoloji baxımdan standartlara cavab verir. Velosipeddən istifadə də həm sağlamlıq, həm də şəhərdə tıxacların qarşısını alardı. Təəssüf ki, biz buna hələ hazır deyilik. Yəqin ki, yaxın illərdə bu məsələ ilə bağlı müzakirələr aparılar".

Nigar