Səhiyyə Nazirliyində "dərman sövdələşməsi" haqqında nə düşünürlər?
Səhiyyə Nazirliyində "dərman sövdələşməsi" haqqında nə düşünürlər?
Pərviz Əzizbəyov: "Həkimlərin firmalarla əlbir olub xəstələri aldatması yolverilməzdir"

"Həkimlərin firmalarla əlbir olub xəstələri aldatması yolverilməzdir. Bu tip halların qarşısının alınması istiqamətində nazirlik ciddi addımlar atır". Bunu Səhiyyə Nazirliyinin Dərman Vasitələrinin Analitik Ekspertiza Mərkəzinin şöbə müdiri Pərviz Əzizbəyov bildirib.
Şöbə müdirinin sözlərinə görə, ötən illərlə müqayisədə nazirlik tərəfindən bu tip hallar daha çox aşkar edilib ki, bunun da qarşısının alınması üçün ciddi tədbirlər görülüb. "Artıq bir müddətdir ki, Səhiyyə Nazirliyinin göstərişi ilə istənilən bir firmanın nümayəndəsinin iş saatlarında səhiyyə ocaqlarına girişi qadağan edilib. Bundan əlavə səhiyyə nazirinin xüsusi əmri ilə dərman vasitələrinin buraxılması qaydaları təsdiq edilib ki, bu qaydalarda da vahid resept blankı təsdiqlənib. Bütün həkimlər də vahid resept blankında dərman preparatlarını təyin etməli və apteklər də alıcını həmin reseptlərə uyğun dərmanlarla təmin etməlidir. Əgər hər hansı bir həkim vəzifəsindən sui-istifadə edərək xəstəyə lazım olandan artıq dərman yazarsa, həmin xəstələr mütləq nazirliyin qaynar xəttinə müraciət etməklə hüquqlarını tələb edə bilərlər. Bu zaman həmin həkimlər nazirlik tərəfindən ciddi cəzalandırılacaq".
Pərviz Əzizbəyov onu da bildirdi ki, bu gün Azərbaycana idxal olunan dərmanların demək olar ki, əksər faizi dərman şirkətləri tərəfindən gətirilir. Hazırda apteklərdə də bu tip dərmanlar üstünlük təşkil edir. Bu dərmanlar həm keyfiyyət, həm də qiymət baxımından digərlərindən fərqlidir. "Belə ki, bu dərmanların tərkibi müxtəlif olduğundan qiymətləri də digərləri ilə müqayisədə bahadır. Lakin firma dərmanları dedikdə əhali arasında bu dərmanların keyfiyyətinə şübhə ilə yanaşanlar da tapılır. Lakin qeyd edək ki, Səhiyyə Nazirliyinin Dərman Vasitələrinin Analitik Ekspertiza Mərkəzinin mütəxəssisləri və gömrük xidmətinin əməkdaşları ilə birgə həmin dərmanlardan nümunələr götürülür. Bu nümunələr laboratoriyamızda yoxlanılır və bundan sonra onlara nazirlik tərəfindən xüsusi lisenziyalar-qoruyucu holoqramlar verilir. Bununla yanaşı həmin zaman firmalara xüsusi analiz protokollar da verilir ki, bununla da həmin dərmanın respublika ərazisində satışına isazə verilir".
Nazirlik rəsmisi dərmanlarla bağlı başqa bir problemə də toxunub: "Dərman içliklərinin mətnləri dilimizə tərcümə edilmədən satılarsa, həmin dərmanlar satışdan çıxarılacaq, apteklər isə cəzalandırıla bilər". Onun sözlərinə görə, dərman vasitələri haqqında qanuna əsasən ölkəyə idxal olunan bütün dərman preparatlarının içində Azərbaycan dilində göstərişlər olmalıdır. "Artıq bir neçə ildir ki, nazirlik tərəfindən verilən xüsusi əmrə əsasən bütün dərman firmalarına göstərişlər verilib ki, dərman içlikləri mütləq Azərbaycan dilinə tərcümə edilməklə satılsın. Lakin hələ də bir sıra firmalar bu qaydaları pozaraq içlik mətnləri əcnəbi dillərdə olan dərmanları satışa çıxarır. Bu isə alıcıların haqlı narazılığına səbəb olur. Belə ki, əcnəbi dilləri bilməyən alıcılar aldıqları dərman preparatlarının tərkibini öyrənə bilmirlər. Bu isə yanlış istifadəyə gətirib çıxara bilər".Nazirlik rəsmisi onu da bildirdi ki, dərman preparatları qeydiyyatdan keçirilən zaman Səhiyyə Nazirliyinin Farmakoloji və Farmakopeyi ekspert şurası tərəfindən təsdiqlənir. Təsdiqləndikdən sonra həmin şirkət dilimizə tərcümə edilən içlik vərəqəsini dərman qutusunun içinə yerləşdirməklə satışa çıxarmalıdır: "Lakin bəzi şirkətlərin məsuliyyətsiziyindən irəli gəlir ki, bir sıra hallarda dərman qutusunun içində tərcümə məlumat vərəqini görmürük. Gömrük nəzarətindən keçərkən qurum tərəfindən həmin dərmanlardan nümunələr götürülür və bu cür neqativ hallara rast gəlindikdə həmin preparatlar geri qaytarılır. Bu zaman istehsal müəssələrinə xüsusi xəbərdarlıq edilir".
Bununla yanaşı qabaqlayıcı tədbirlərin görülməsi məqsədi ilə apteklərdə də reydlərin keçirildiyini deyən şöbə müdiri mərkəzin İnspeksiya şöbəsi tərəfindən keçirilən reydlər zamanı bu tip faktlar aşkarlanarsa, apteklərə və həmin xarici şirkətlərə ciddi xəbərdarlıq ediləcəyini bildirib. Bu hallar daimi xarakter aldıqda isə qanunvericiliyə uyğun olaraq cəza tədbirləri görülür. Qeyd edək ki, hazırda Səhiyyə Nazirliyi tərəfindən 3650 adda dərman preparatı qeydiyyatdan keçirilib ki, bu dərmanların da içlik vərəqələri dilimizə tam tərcümə edilib".
Sevda Cəlilli